18 sentyabr - Milli Musiqi Günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Birinci Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
"Sherg.az"xəbər verir ki, mərasimdə xalq artisti, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq artisti Mənsum İbrahimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsindən, onun musiqi sahəsinə verdiyi töhfələrdən danışıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxışı zamanı Ü.Hacıbəylinin təkbaşına məktəb yaratdığını və onun daim fəxrlə yad ediləcəyini bildirib:
"Bizim bu gün musiqi sahəsindəki bütün uğurlarımız Üzeyir bəylə əlaqəlidir". Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub. Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Birinci Fəxri xiyabanda mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "Sherg.az"a açıqalamasında deyib ki, Azərbaycanda hər il 18 sentyabr musiqi günü bütün müsiqi məktəblərində böyük təntənə ilə qeyd olunur:
''Həmçinin, konsertlər, elmi konfranslar keçirilir. Bunlar xalqımızın musiqiyə böyük məhəbbəti olduğunun, o cümlədən Üzeyir bəyə hörmətinin ən gözəl təzahürüdür. Bildiyiniz kimi, Opera və Balet teatrında təmir-bərpa işləri davam etdirilir. Çox ehtimal, yaxın zamanlarda istifadəyə veriləcək. Dövrümüzdə kifayyət qədər musiqi əsərləri ərsəyə gəlir. Onların içərisində keyfiyyətlisi olduğu kimi, zəif əsərlər də mövcuddur. Digər tərəfdən günümüzdə təbliğat vasitələrinin çox olması sevindirici haldır. Təbii ki, bəstələnən musiqilər arasında bəyəndiklərim var. Lakin mənim hansısa musiqini bəyənməməyim əsərin keyfiyyətsiz olduğu anlamına gəlmir. Çünki hər bir insanın dəyər cədvəli fərqlidir. Məsələn, mənim sevmədiyim musiqini başqası bəyənə bilər. Fürsətdən istifadə edərək bütün musiqiçiləri və Azərbaycan xalqını bayram münasibətilə təbrik edir, musiqimizin hər zaman ucalarda olmağını arzulayıram".