Həkim:“İmmunitet bu ştamma daha çətin müqavimət göstərir”

“Hələlik pandemiyanın nə zaman bitəcəyini deyə bilmərik. Vəziyyət ağır olaraq qalır. Əlbəttə ki, artıq səhiyyə sisteminin məkrli düşmənlə qarşılaşmağa hazır olmadığı ilk dalğanın dəhşətlərindən danışmaq məcburiyyətində deyilik. O zaman çarpayı fondu tamamilə dolmuşdu, həkim çatışmazlığı var idi”.
Bu sözləri Media.Az-a açıqlamasında həkim-terapevt Gövhər Məmmədova pandemiyanın nə zaman sona çatacağı ilə əlaqədar verilən suallara aydınlıq gətirərkən deyib.

Mütəxəssis qeyd edib ki, epidemiyanın indiki dövrü virusun mutasiyası ilə əlaqədar vəziyyəti mürəkkəbləşdirir:

“Dəyişən şəraitə sürətlə uyğunlaşan və daha aqressiv olan yenilənmiş ştammlar yaranır. Belə ki, indi Azərbaycan həyəcanla koronavirusun “Hindistan ştammı” (“Delta”) adlandırılan ən təhlükəli növünün qayğısı ilə yaşayır. Bu ştamma immunitet sistemi daha çətin müqavimət göstərir. Xəstəliyin sürətlə artması da buna bir sübutdur”.

Gövhər Məmmədova bildirdi ki, COVID-19-un növbəti - yeni dalğasının gələ biləcəyi də narahatedicidir:

“Dediyim kimi, xəstəlik xeyli cavanlaşıb, xəstəliyi ağır keçirən və süni ventilyasiya (ASV) aparatından asılı olanların sayı artıb. Əgər birinci dalğada əsasən yaşlı xəstələr virusu ağır keçirmə səbəbindən süni ventilyasiya (ASV) aparatına qoşulma riskini daşıyırdılarsa, bu gün onların yerini 18-35 yaş arası gənclər əvəz edib. Qlobal proqnozlara gəldikdə, mütəxəssislər qurtuluşun yalnız kollektiv immunitetin formalaşması ilə yarana biləcəyi qənaətindədir. Bu isə yalnız aktiv vaksinasiya ilə mümkündür. Üstəlik, əgər əvvəllər yoluxucu xəstəliklər üzrə mütəxəssislər kollektiv immunizasiya üçün əhalinin 60 faizinin peyvənd edilməsini yetərli sayırdılarsa, indi, virusun mutasiyaya uğramasından sonra vaksinasiyadan keçənlərin sayı 80 faizə qədər artmalıdır. ÜST-ün mütəxəssisləri isə hesab edir ki, COVID-19 yalnız mövsümi xəstəlik halına gəldikdən sonra başa çatacaq. Bu səbəblərdən dolayı, ən naümid skeptiklər belə peyvənd olunma barədə düşünməlidir”.