Aygün Kazımova yalan danışdı


“Cavanşir Quliyev irad bildirib, “Şərq”ə gəlməyib”

Xalq artisti Aygün Kazımova “Söhbət musiqidən gedir” proqramında illər əvvəl “Şərq” qəzeti ilə aralarında yaranmış insidentdən danışıb. O qeyd edib ki, “Şərq” qəzetində anası ilə bağlı xoşagəlməz xəbər yazılıb:
“O zaman anam dünyasını dəyişmişdi. Görkəmli bəstəkarımız Cavanşir Quliyevlə  birgə redaksiyalarına getdik. İnanın, C.Quliyev qapını açıb, içəri elə girdi ki, əlində silah olsa idi, baş redaktoru vurardı”.

Sənətçinin ittihamlarına cavab verən qəzetin baş redaktoru  Akif Aşırlı vurğulayıb ki, “Şərq” həmişə A.Kazımovanın sənətinə, fəaliyyətinə diqqət yönəldib, valideynləri ilə bağlı heç bir mənfi yazı dərc etməyib və belə hal yaşanmayıb: “Səhv etmirəmsə, 2000-ci illər idi, biz Aygün  xanımın səhnə mədəniyyəti, geyim tərzi, müsahibələrində qəbul olunmayacaq ifadələrinin işlədilməsi ilə bağlı tənqidi yazı hazırlamışdıq. Bu məqalə etik ölçülər çərçivəsində yazılmışdı. "Şərq"in qədim dostu Cavanşir Quliyev mənə zəng etdi, danışdıq, iradlarını bildirdi. 

Dedi, Aygün xanım istedadlıdır, sənətkardır, onun geyimləri ilə bağlı tənqidləriniz haqsızdır və bu yenilikləri səhnədə etməlidir.

 Bizə də tövsiyə verdi ki, sözügedən məsələlərdə Aygün xanımın üstünə çox getməyək. Məqalə qəzetdə çap olunduqdan sonra Aygün  xanım iki nəfərlə birgə redaksiyamıza gəldi. Biz onunla çox mədəni rəftar etdik, normal söhbət elədik. İndi isə deyib ki, guya, anası barəsində nəsə yazmışıq. 

Qətiyyən elə bir yazı olmayıb. İndi isə müsahibəsində Cavanşir müəllimin redaksiyaya gəlib, məni tənbeh etdiyini söyləyib. Belə deyil.

 Cavanşir bəy bizim dostlarımızdan biridir, hətta qəzetimizin 5 illik yubiley tədbirində, ilk sözü Cavanşir müəllimə verdik. Çünki o, Azərbaycan xalqı üçün bir dəyərdi.

Samirə