Memorial.az dəstəkləndi:“Müharibə aparan dövlətdə hər şey döyüşməlidir”

Bu gün Bakıda Vətən müharibəsinin ildönümünə həsr edilən Memorial.az saytının və “Yaddaş kitabı”nın təqdimat mərasimi keçirilib. Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Memorial.az saytının baş redaktoru Vüsal Məmmədov, Müdafiə Nazirliyinin nümayəndələri, tanınmış media nümayənləri, şəhid ailələrinin üzvləri və s rəsmi şəxslər iştirak ediblər.

S.Yusifova qeyd edib ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəsdir. O deyib ki, Vətən müharibəsi gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlər haqqında müxtəlif məlumatlar paylaşılır: 

“Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır”.

Saytın baş redaktoru Vüsal Məmmədov saytla bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, şəhidlərlə bağlı məlumatlarda pərakəndəlik var idi: “Onlarla bağlı məlumatlar daha da dəqiqləşdiriləcək və sistemləşdiriləcək”.

Bu barədə “Sherg.az”a danışan hərbi jurnalist İbrahim Rüstəmli təşəbbüsü yüksək qiymətləndirdi:

 “44 günlük müharibə ən böyük tarixdir. Deyirlər ki, müharibə aparan dövlətdə hər şey döyüşməlidir. Bizdə də belə olmuşdu. Şəhidlərimiz qələbimizin memarıdırlar. Onlar savaşa gedərkən “ailə” yox, “vətən” dedilər. Ona görə də kimsə qəhrəmanlarımıza şərik ola bilməz. Bu müharibə, ləyəqət, milli kimlik mübarizəsi idi”.

 Təcrübəli qələm sahibi, həmçinin saytın kollektivinə səsləndi: “Onları təbrik edirəm. Əsas məsələ bundan sonra başlayacaq. Şəhidlər haqqında xronoloji, bioqrafik məlumatlar verməklə kifayətlənmək olmaz. Onların qəhrəmanlıqlarını detallı şəkildə ictimailəşdirmək lazımdır. Təəssüf ki, müharibə dövründə hərbi reportyorlarımız işləyə bilmədilər. Əks halda biz gələcək nəsillərə yalnız şəhidlərimiz haqqında məlumat yox, həm də müharibənin gedişatı barədə informasiya verərdik”.

Kənan Novruzov