Sabiq deputatın vəfatına SÖZARDI:“Məhbusların virusa yoluxması mümkündür, lakin...”

“...Cəzaçəkmə müəssisələrində COVİD-19-a yoluxma və ölüm halları daha aşağı faizi təşkil edir”

“Həbsxanalarda virusa yoluxma sırf oradakı vəziyyətin pis olması ilə yox, ümumi şəraitlə bağlı ola bilər”  



Bu gün sabiq deputat, dələduzluğa görə məhkum olunan Rafael Cəbrayılov dünyasını dəyişib. Onun ölümü ilə bağlı təzadlı xəbərlər yayılır. İlk açıqlamada bildirildi ki, 62 yaşlı sabiq deputat Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib. Sonra isə qeyd edildi ki, sabiq deputat Yeni Klinikaya köçürülübmüş və ağır vəziyyətdə olduğundan, ona yardım etmək mümkün olmayıb və orada da dünyasını dəyişib.

Penitensiar Xidmətdən verilən məlumata görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan Rafael Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınmışdı:

“Bundan sonra Rafael Cəbrayılovdan COVID-19 infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb.

Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina edən 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən Rafael Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq, sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün “Yeni Klinika” xəstəxanasına yerləşdirilib.
Aparılan müalicə tədbirlərinə baxmayaraq, R.Cəbrayılov vəfat edib”.

Xatırladaq ki, bundan öncə Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev türmədə vəfat etmişdi. Həbs edilən digər iki icra başçısı – Mahir Quliyev və Vilyam Hacıyev isə ağır vəziyyətdədir. Koronavirus pandemiyası çox məşhurların vaxtsız vəfatına səbəb olub. Ona görə “içəridə” olan tanınmışların da bu bəladan vəfat etməsini anlamaq mümkündür. Ancaq bir müddət öncə Penitensiar Xidmət bütün məhbusların koronavirus əleyhinə peyvənd olunduğunu açıqlayıb, amma təcridxanada ölüm və yolxuma halları da qeydə alınır. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin fikrincə, həbsxanalarda koronavirusla bağlı vəziyyət ciddi deyil, əksinə orada qorunma imkanları daha böyükdür. Çünki məhbuslar ətraf mühitdən təcrid olunublar, əlaqə imkanları isə yox səviyyəsindədir:

“Hansısa əlaqələr yaradılsa da, ciddi müayinələrdən keçirlər. Görüş baş tutduqda fiziki təmas olmur, adətən şüşə arxasında keçirilir. Həbsxanada olan hər hansı bir şəxs özünü pis hiss edərsə, dərhal həkim müayinəsindən keçir. Bildiyim qədər həbsxanalarda çalışan bütün şəxslər vaksinasiyadan keçiblər. Digər tərəfdən xəstəlikdən qorunmaq üçün lazım olan bütün tədbirlər görülür. Məsələn, sosial məsəfənin saxlanılması, dezinfeksiya vasitələrindən istifadə və s. Daimi olaraq həbsxanalara qoruyucu vasitələr gətirilir. Ancaq təcridxanalarda vəziyyət fərqlidir. Çünki orada fiziki təmas imkanı olur.

Digər bir məsələ budur ki, həbsxanada olan məhkumlar məhkəməyə gedirlər. Düzdür, çox vaxt onlayn sistemdən istifadə olunur.

 Lakin elə məqam ola bilər ki, şahidlərin gəlməsi və canlı iştirakı vacib sayılır. Həbsxanalar da cəmiyyətin bir tərkib hissəsidir. Ona görə də məhbusların koronavirusa yoluxması mümkündür. Lakin cəzaçəkmə müəssisələrində COVİD-19-a yoluxma və ölüm halları daha aşağı faizi təşkil edir. Həbsxanalarda virusa yoluxma sırf oradakı vəziyyətin pis olması ilə yox, ümumi şəraitlə bağlı ola bilər”.  

Yeganə Bayramova