Paşinyan daha ehtiyatlı davranır

Onun ordu ilə bağlı açıqlaması müharibəyə çağırış deyil

Ermənistan öz ordusunu aqressiya üçün yox, aqressiyadan müdafiə üçün inkişaf etdirəcək. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın yad əraziləri tutmaq üçün hansısa planları yoxdur: "Təhlükəsizlik sistemlərinin inkişafı nöqteyi-nəzərindən təkcə ordunun modernizasiyası yox, həm də əlverişli xarici mühitin formalaşdırılması, Ermənistan, Qarabağ və region üçün sülh epoxasının açılması gündəminin reallaşdırılması vacibdir”. 

Paşinyan bu hədəfin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə Qarabağ danışıqlarının yenilənməsi, düşmənçilik atmosferinin ortadan qaldırılması, iqtisadi və infrastruktur kommunikasiyalarının açılmasının önəmli olduğunu bildirib. O, kommunikasiyaların açılmasının erməni iqtisadiyyatının məzmunu və strukturunu keyfiyyət baxımından dəyişdirəcəyini və uzunmüddətli inklüziv iqtisadi artım təmin edəcəyini söyləyib.

Mövzu ilə bağlı politoloq Elman Vəliyev "Şərq"ə açıqlamasında bildirib ki, Nikol Paşinyanın belə fikir səsləndirməsi müharibə çağırışı deyil. Politoloq vurğulayıb ki,  bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin çıxış edərək tərəfləri dialoqa səslədi:

 "Hətta Ermənistan tərəfinin verdiyi məlumata əsasən hər iki tərəfin rəhbərləri noyabr ayında görüş keçirəcəklər. Bu görüşün uzlaşma yönümlü olacağını ehtimal edirəm. Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda sadəcə ehtiyat edir və yenə daxildə xaos yaranmasından çəkinir. Çünki Paşinyan yaxşı anlayır ki,  səhv bir addım atan kimi müxalifət, daxildən, xaricdən nifaq salanlar ölkədə çaxnaşma yaratmağa çalışacaqlar. Ona görə də Paşinyan ehtiyatlı davranmaq məcburiyyətindədir".