Qəhrəmanlarımızın uşaqları bizə əmanətdir

Vəzifəli şəxslərin bir gününü şəhid övladları ilə keçirməsi cəmiyyətdə alqışla qarşılanır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir. Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. 

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. 

Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Qeyd edək ki, Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Tut əlimdən” layihəsinə start verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, layihə çərçivəsində vəzifəli və tanınmış şəxslər bir günlərini Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın övladları ilə keçirir, onların qayğılarını bölüşür və asudə vaxtlarının mənalı keçməsinə dəstək olurlar. Məqsəd şəhid övladlarının daim diqqət və qayğı əhatəsində olduqları, bundan sonra da dövlətin, ümumən cəmiyyətin dəstəyini ən yaxından hiss edəcəkləri mesajını çatdırmaqdır. 

Layihə ilə bağlı fikirlərini  "Şərq"ə bölüşən Əməkdar jurnalist Azər Həsrət bu layihənin həqiqətən də təqdirəlayiq olduğunu deyib. O vurğulayıb ki, tanınmış şəxslərin bizim şəhidlərimizin bizə əmanət edib getdiyi övladları ilə gün keçirməsi və onlarla birlikdə olması çox müsbət  haldır: 

"Çünki  onlar bir anlıq da olsa, onların sevincinə sevinc qatmağa çalışırlar. O, əmanətlərin özünü xoşbəxt və daha güvənli hiss etməsinə əlavə dəstək verirlər. Əlbəttə ki, bu, olduqca nəcib bir layihədir, addımdır. Təbiidir ki, bunu ancaq təqdir etmək olar. Ümumiyyətlə, təkcə bu layihə çərçivəsində deyil,  düşünürəm ki, hər kəs ətrafımızda tanıdığımız, bildiyimiz, əlaqəmiz olan şəhid ailələri ilə daim maraqlanmalıyıq. Onların övladlarına, yaxınlarına diqqət və qayğı göstərməliyik. Əlbəttə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin belə bir təşəbbüslə çıxış etməsi və bunu gerçəkləşdirməsi bir daha onun təsdiqidir ki, Azərbaycan dövləti söz də deyil, həm də əməldə doğrudan da şəhidlərin bizə buraxdığı əmanətlərə sahib durmaqdadır. Yəni bu baxımdan bu təşəbbüsü təqdir etmək olar". 

A.Həsrət diqqətə çatdırıb ki, bu, təşəbbüsün digər nazirliklər, dövlət qurumları, iş adamları tərəfindən də geniş bir şəkildə tətbiq olunmasına zərurət var:

 "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi başa düşürük profil baxımından bu məsələlərlə məşğul olmalıdır. Amma nəzərə almaq lazımdır ki, ortada şəhid əmanətləri var və onlara sahib durmaq sadəcə olaraq bir nazirliyin profil fəaliyyəti ilə məhdudlaşmamalıdır. Düşünürəm ki, digər qurumlar da belə təşəbbüslərlə irəli çıxmalıdır. Düzdür, bəzən biz müəyyən qurumlardan bu cür təşəbbüslər görürük. Amma bunlar planlı, mərhələli, davamlı deyil. İstərdik ki, bu, davamlı bir fəaliyyət olsun".