“Əlillik dərəcələrinin müəyyən edilməsində Türkiyə modeli tətbiq olunsun”

Rey Kərimoğlu:"Türkiyədə Qazilərə 6 əlillik dərəcəsi verilir. Yəni bütün yaralılara əlillik dərəcəsi müəyyənləşdirilir”

“Məsələn birinci dərəcəli, iki, üç, dörd, beş, altıncı dərəcə... Məncə, Azərbaycan da Qazilərlə bağlı bu addımı atmalıdır. Əlillik dərəcələri üç yox, altı dərəcə olmalıdır”

Rəşad Həsənov:“Hər qrup öz növbəsində üç hissəyə bölünməsini -aşağı, orta, yuxarı səviyyəli fiziki məhdudiyyətin itirilməsinə uyğun dərəcələrin müəyyənləməsini təklif edirəm”


Əlillik dərəcəsinin müəyyənləşməsi hər kəsi narahat edən məsələdir. Azərbaycanda əlillik dərəcələrinin verilməsi ilə bağlı ciddi narazılıqlar var. Əlilliyin qiymətləndirilməsini prosesi tibbi-sosial ekspert komissiyaları vasitəsilə  həyata keçirilir. Ölkədə  I,  II  və III dərəcə əlillik təminatı mövcuddur. Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu əlillik dərəcələrinin müəyyən edilməsində Türkiyənin tətbiq etdiyi modeldən yararlanmaq təklifini irəli sürüb. O Feysbuk səhifəsində yazdığı statusda deyib ki, Milli Məclisdə əlillik dərəcələri ilə bağlı məsələyə yenidən baxılsın:

"Türkiyədə Qazilərə 6 əlillik dərəcəsi verilir. Yəni bütün yaralılara əlillik dərəcəsi müəyyənləşdirilir. Məsələn birinci dərəcəli, iki, üç, dörd, beş, altıncı dərəcə... Məncə, Azərbaycan da Qazilərlə bağlı bu addımı atmalıdır. Əlillik dərəcələri üç yox, altı dərəcə olmalıdır. Yəni döyüşdə yaralamış bütün əsgər və zabitlərimizə yaralanma vəziyyətinə görə  əlillik dərəcələri verilməlidir. Çıxış yolu budur! Yeri gəlmişkən, əgər ordumuz Türk ordu sisteminə uyğunlaşdırılırsa niyə əlillik dərəcələri və digər məsələlər də uyğunlaşdırılmasın?".

Əlillik dərəcələrinin verilməsi ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, indiki sistemin differensiallıq səviyyəsi aşağıdır:

"30 faizədək fiziki məhdudiyyəti olan şəxslər əlil hesab edilmir. Digərləri üst dərəcələrdə - 60, 80, 80-100 faiz aralığında qruplaşdırılır.  Nəzərə almaq lazımdır ki, 30 faiz ilə 60 faiz  fiziki məhdudiyyətin olması eyni anlama gəlmir. Əmək bazarında problemlərə gətirib çıxarır. Hər qrup öz növbəsində üç hissəyə bölünməsini -aşağı, orta, yuxarı səviyyəli fiziki məhdudiyyətin itirilməsinə uyğun dərəcələrin müəyyənləməsini təklif edirəm. Beləliklə, 9 sinif formalaşdırıla bilər. Gəlirlər, müavinətlər, təqaüdlər isə sözügedən 9 sinifdə əksini tapmaqla, təyin edilmiş əlillik dərəcəsinə uyğun ödənilsin. 

Yəni ödənişlər ilə qruplar arasında müsbət asılılıq yaradılsın”.