Bələdiyyə institutları yaradılsın! – “İcraların səlahiyyətləri onlara verilsin”

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsini təklif edir. İnstitutun baş direktoru Zakir Eminov APA-ya müsahibəsində bildirib ki, mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturları demək olar ki, heç bir iş görmür.  “Hansı inzibati rayonda hansı işi görmək lazımdır ki, rayonun mərkəzi hökumətdən dotasiyası az olsun. 

Yeni müəssisələrin tikilməsi, xidmət sahələrinin yaradılması lazımdır. Yalnız mərkəzi hökumət nəyə icazə verir, nəyə pul ayırır, bunun üçün işləyirlər. Ərazi bölgüsünün problemi yoxdur, idarəetmədə problemlər var. Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır. Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir. Belə halda onları birləşdirmək olar. Azərbaycanda 14 iqtisadi rayon ayrılıb, onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər. İdarəetmə strukturunu təkmilləşdirmək, bəzi rayonların ləğv edilməsi məsələsinə baxmaq lazımdır”, - baş direktor vurğulayıb.

Təklifi dəyərləndirən iqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az” a söyləyib ki, bəzi rayonların ləğv edilməsi və ya adlarının  dəyişdirilməsinə ehtiyac yoxdur:  

“Mahiyyət etibarıyla idarəetmə dəyişdirilməlidir. Ümumiyyətlə, Azərbaycanda idarəetmənin təkmilləşdirilməsinə  ehtiyac var. Hesab edirəm ki, iqtisadi regionlar üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin oluna bilər. Rayon icra hakimiyyətləri, o cümlədən, inzibati orqanların olması, əslində brükokratik əngəldir. İndiki dövrdə rayon icra  hakimiyyətlərinin səlahiyyətlərini bələdiyyələrə, yerli idarəetmə orqanlarına vermək daha məqsədə uyğun olar”.

N.Bəydəmirli qeyd edib ki, səlahiyyətlərin verilməsilə kifayətlənilməməlidir: 

“Xatırladım ki, Azərbaycan Avropa Şurasına qəbul olunan zaman belə bir öhdəliyi də var idi ki, böyük şəhərlərdə və digər yerlərdə bələdiyyə institutları yaradılsın. Onlar xalqın sosial-iqtisadi problemlərini daha operativ, daha şəffaf idarəetmə yolu ilə həll edə bilərlər. Mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin verilməsilə  müsbət addım atılmış olacaqdır. Hesab edirik ki, burada da təkcə belə səlahiyyətlərin verilməsi ilə kifayətlənilməməlidir”.

Həmçinin N.Bəydəmirli seçkilərlə bağlı mövzuya da toxunub:
 
“Yerli bələdiyyə orqanlarına şəffaf seçkilər keçirilməlidir. Çünki vətəndaşlar öz  seçdiyi təşkilatlardan və şəxslərdən nəyisə tələb etməyi daha yaxşı bacarırlar. Elə orqanlarda çalışan zaman məsuliyyət daha çox olur. İndiki durumda bələdiyyələrə seçkilər əvvəlki kimi keçiriləcəksə, dəyişməyə ehtiyac yoxdur”.

Cəmilə ƏZİM