“Yurda dönüş borcumuzdur: gənclər arasında təbliğat işinin təşkili” layihəsinə yekun vuruldu

“Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” ictimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yurda dönüş borcumuzdur: gənclər arasında təbliğat işinin təşkili” layihəsinə yekun vurdu. Layihə çərçivəsində  Binəqədi rayonu Gənclər Evində və Azərbaycan Dillər Universitetində 700 (yeddi yüz) nəfərdən artıq işğaldan azad olunmuş rayonlarımızdan olan tələbələrlə 6 (altı) seminar – görüş keçirildi.
Tədbirlər şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Bütün tədbirlərdə giriş nitqi ilə çıxış edən “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” ictimai birliyinin sədri, layihənin koordinatoru Vüqar Qədirov həyata keçirilən layihənin maliyyələşməsinə dəstək göstərdiyinə görə Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirdi. 
V.Qədirov çıxışında 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın 44 gün davam edən Vətən Müharibəsində darmadağın edilməsini və kapituliyasiya aktını imzalamaqla təslimçi sülhə qol çəkməsini Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandanımız Möhtərəm cənab İlham Əliyevin və Rəşadətli Ordumuzun vətənpərvərliyi, cəsarəti, peşəkarlığı sayəsində mümkün olduğunu bildirdi.  
Natiq bu qələbə sayəsində Azərbaycanda məcburi köçkün probleminə birdəfəlik son qoyulduğunu, Böyük Qayıdışın reallaşmasında bütün maneələrin aradan qaldırıldığını bildirdi. 

30 ilə yaxın müddət ərzində ölkəmizin müxtəlif bölgələrində məcburi köçkün kimi doğulub boya-başa çatan böyük bir gənc nəslin formalaşdığını bildirən V.Qədirov işğaldan azad olunmuş torpaqlarımıza qayıdış prosesinin təmin olunmasında bu təbəqədən olan gənclər arasında təbliğat işinin aparılmasının vacib olduğunu bildirdi. 

Seminarlarda çıxış edən ekspertlər, qonaqlar və tələbələr layihənin ictimai əhəmiyyətindən danışaraq işğaldan azad olunmuş rayonlarımıza gənc nəslin qayıdışı prosesinin əsl vətənpərvərlik, vətəndaşlıq mövqeyi və vəzifəsi olduğunu bildirdilər.  

Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızda vandalizm hərəkətləri törətməklə tarix və mədəniyyət abidələrimizi, yaşayış məskənlərimizi yer üzündən silməklə Xocalı soyqırımı kimi bəşəri bir cinayətə imza atdığını, 1 milyondan artıq soydaşlarımızın ağır şərtlər altında məcburi köçkün taleyi yaşamağa məhkum edilməsini ermənilərin vəhşi və terrorçu mahiyyətinin açıq aşkar nümayişi olduğunu bildirdilər. 

Natiqlər Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparmaqla Azərbaycanın qədim və tarixi torpaqlarını ilhaq etməyə çalışan ermənistanın 44 gün davam edən Vətən Müharibəsində bütün məkrli niyyətlərinin və xəyallarının ordusu ilə bərabər darmadağın edilməsini tarixi ədalətin təntənəsi olduğunu qeyd etdilər. Bu günkü Azərbaycan gəncliyinin vətənpərvər və qalib gənclər olduğunu, 44 gün davam edən  Vətən Müharibəsində bunu sübut etdiyini bildirdilər. İşğaldan azad olunan torpaqlara qayıdış prosesində də gənclərimizin öndə gedəcəyini, dədə-baba yurdumuzun dirçəldilməsində yaxından iştirak edəcəklərinə əminliklərini qeyd etdilər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında işğaldan azad olunan torpaqlarımızda geniş miqyaslı tikinti-quruculuq işlərinin aparıldığını, qısa müddətdə Zəfər yolunun, Füzuli Hava Limanının, Zəngilan rayonunda Ağalı-ağıllı kənd yaşayış massivinin  istifadəyə verildiyini, Zəngilan və Laçın rayonlarında Hava limanlarının və s. digər böyük infrastruktur  layihələrinin davam etdiyini bildirdilər.  

Tədbirdə iştirak edən gənclər əminliklə öz dədə-baba torpaqlarının dirçəldilməsində yaxından iştirak edəcəklərini və könüllü olaraq gənclər arasında maarifləndirmə və təbliğat işinin aparılmasında fəal iştirak edəcəklərini qeyd etdilər.

Həyata keçirilən layihənin icrası zamanı iştirakçılara, istər 1-ci, istərsə də 2-ci Qarabağ savaşını əks etdirən maarifləndirici bukletlər və s. paylanıldı.