ANALARIN BƏZƏYİ - FOTOLAR


“Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz - gülüşünüzün ardındakı kədəri, qəzəbinizin ardındakı sevgini, səssizliyinizin ardındakı səbəbi...” Məncə bu, Onun tərifi idi - Mələk xanımın, sevimli ananın, əziz qaynananın, gözəl müəllimin, istəkli nənənin! Ailədə  dəyişən  emosional vəziyyətin dəqiq səbəbini təkcə O anlayırdı, sözlərdən istifadə etmədən anlayırdı. Baxışların, əllərin,  sifət  cizgilərinin  tərpənişindən bilirdi hər şeyi... Özü  demişkən  - 53 il müəllimliklə məşğul olmaq  asan iş deyil ki? 

Mələk Mirhadıyeva mənim qaynanam idi. Klassik qaynana-gəlin qavramından fərqli bir üslubda münasibətlərimiz olsa da, onun haqqında yazmağın bu qədər çətin olacağını, kəlimələrin dilimdəqatlanacağını, ağrıların köksümü  sıxmalayacağını bilmirdim, heç onu bu qədər  çox  sevdiyimi də bilmirdim. Onsuz qaldığımız ilk gündə hiss etdim bu dərin məhəbbəti, bitməyəcək yoxluğun ağrısını... 

Bir gün əvvəl  görüşmüşdük.  Səhərisixəstələnmişdi. İşdən çıxıb getmək istəyirdim, icazə vermədi - dedi, yox bala, gəlmə, birdən kovid olaram, evdə uşaq var...Sözünə baxmayıb sonrakı gün getdim, dəfələrlə üzünü məndən qaçırdı. Öpməyimə belə icazə vermədi.  Qorxurdu. Bu mənfur  xəstəlikdən qorxurdu,  yeganə oğlundan,  tək nəvəsindən  qorxurdu, xəstəliyin amansız  olduğundan daha  çox  hələ doyunca sevib-əzizləyə bilmədiyi Fəxranından ayrılmaqdan qorxurdu... Amma getdi. Köksündə bir dünya sevgi,  zərif əlləri daim göylərdə, bizə görə dua üçün açılmış  vəziyyətdə köç etdi bu nahaq dünyadan...
Məni tanıyanlar bilir ki, sözümü tutan insanam. Amma indiyə qədər iki nəfərə verdiyim sözü  tuta bilməmişəm. Bir  anama, bir  də qaynanama. Anama nə söz verdiyimi deməyəcəyəm,  çünki, o rəhmətə gedəndən sonra  reallaşdırdım arzusunu. Amma Mələk xanıma onu Həcc  ziyarətinə göndərəcəyimi söz vermişdim. Heyf ki, ona verdiyim sözü  tutmaq kimi bir şansım olmayacaq...

Sirrimiz, sözümüz bir oldu. “Gəlin istəməmişdim, qız istəmişdim. Çox şükür Allahıma!” deyirdi, tez-tez!  Bir dəfə söhbətlərimizin birində zarafatla dedim ki: “Mama, sən nə dua etsən olur, mənim dilimdən də Tanrıdan bir şey istə!”  Gözləri doldu: “Nə istədiyini bilirəm və hər  gün ilk duam, odur. Olacaq!” Və oldu! Onu bu işıqlı dünyada həyatının son 30 ilində  ən çox  sevindirən  o möhtəşəm  varlıq doğuldu. Duaların üçün minnətdaram, Ana! 

Mələk Ana! Anaların ən şərəfli bəzəyi ədəbli, tərbiyəli övladdır. Bu mənada  sən başdan-ayağa  bəzək idin, işıq idin, nur idin. Çünki, tərbiyəsi, ədəb-ərkanı ilə dillərə dastan olan  Kamranı da, bəxti-taleyi  də ömrü kimi kəsikolan  Ləmanı da  bu  siyahını baş tərəfinə yazsaq minlərlə uşaq tərbiyə etmişdin. Azərbaycan Xarici Dillər  Universitetinin məzunu olaraq qırmızı diplomla doğma Göyçaya  qayıdıb, 4  saylı orta məktəbdə pedaqoq kimi fəaliyyətə başlamış, uzun illər şagirdlərə ingilis dilininincəliklərini öyrətmişdin. Paralel olaraqGöyçay Tibb məktəbində də bu  fəaliyyəti yürütmüşdün. Qısa bir  zaman kəsiyində mənə də özəl dərslər verdiyin üçün deyə bilərəm ki,  sən təkcə elm öyrətmirdin -Allaha inanmağı, başqalarının əməyinə qiymət verməyi, məntiqi düşünməyi, cəsarəti, dözümü, səbri, gələcəyə ümidi, susmağı, ədaləti öyrədirdin. Tam bir  ana kimi. Çünki, məncə analıq elə müəllimlik, müəllimlik analıqdır... 

Sonralar nə mənim, nə də Fəxranın  tanımaq şansı  olmadığı  talesiz övladının - Ləmanının  xəstəliyi ilə əlaqədar Bakıya köçmüş, burada ali təhsil ocağında şərəfli və müqəddəs vəzifəni davam etdirmişdin. Azərbaycan Dövlət İqtisad  Universitetinin Xarici əlaqələr kafedrasının baş müəllimi kimi  uzun illər  həm rus, həm Azərbaycan bölmələrində  tədrislə məşğul oldun.  Tez-tez  - daha  işləmək yetər, çıx işdən -deyə  səninlə  sözümüz  çəpləşsə də, “yox, mən dərs  deməsəm, ölərəm” - deyirdin. Doğrudan da səni bu işdən ayırmağın  balığı dəryadan çıxarmaqla  eyniliyini gördüm. Daha bu sözü  demədim sənə! Bilirsən niyə? Çünki, adi halda  sümüklərin sızlasa da,  ayaqların, dizlərin ağrısa da dərsin olan günlərdə bunların sənə təsiretmədiyini görürdüm, qanadlandığını, uçduğunu, necə bir həvəslə hazırlaşdığını, bəzəndiyini görürdüm. Deyirdim, mama, dizlərin ağrıyır, amma dərsə hündürdabanlı ayaqqabı ilə gedirsən? “Tələbə heç vaxt müəllimini səliqəsiz  görməməlidir.  O, bundan 30-40 sonra da məni xatırlayanda belə bəzəkli xatırlayacaq. Bəlkə elə müəllim olmaq istəyəcək. Səliqəsiz müəllim nə qədər yaxşı dərs  desə  də, o, tələbədə müəllimlik  sevgisi yaratmaz” - dedin. Bu sənin şərəfli peşənə, tələbələrinə, həmkarlarına, 25 ilə yaxın ayaq döydüyün Azərbaycan Dövlət İqtisad Universitetinə sayğın idi! 

Sənin gəlinin olduğum müddətdə hər zaman bununla fəxr  elədim.  Çünki, ömründə rüşvətə əl uzatmamış, gözünü şagirdin, tələbənin, onun valideyninin cibinə dikməmişdin. Qonşuluğumuzda yaşayan  bir  ailəyə Göyçaydan qonaq gələn yaşlı qadın sənin haqqında mənə gəlinin olduğumu bilmədən qəribə sözlər dedi: “Mələk müəllimə 5 uşağıma  dərs deyib. Uşağın üzünə baxan kimi ac olduğunu bilir, çantasında özünə nahar kimi gətirdiyi şirniyyatı, meyvəni və ya hansısa buterbrodu  tənəffüsdə onlara yedirdir, sonra dərsə davam edirdi. Bu, dəfələrlə mənim uşaqlarımla da baş vermişdi. Bunu öyrənəndən sonra ona kiçik bir hədiyyə göndərdim, hədiyyənin nə olduğunu bilmədən geri qaytardı. Demişdi ki, bir ananın mənə hədiyyəsi ancaq ağzındakı dua, halallıqla dediyi xoş söz ola bilər...” Səninlə bir  yerə gedəndə, şəhərə çıxanda vaxtilə önündə tələbə kimi əyləşən ən az bir neçə nəfərə rast gəlirdik, ehtiramla əlini öpürdülər. Ona görə fəxr  edirdim səninlə - təvazökarlığınla, tamahsızlığınla, nəfsinə qalib olmağınla, mərdliyinlə, insanların könlündə taxt qurmağınla...
Bir  müəllim həyatı  və bir  ana həyatı eyni şeydir  əslində.  Biri həyat verir, digəri həyata  hazırlayır.  Amma  bu iki adı birgəyarım əsrdən artıq bir  dövrdə sürdürmək,həm də nə evdəkilərə, nə  parta arxasında oturanlara xəyanət etmədən,  sevgi ilə yürütmək  çox çətindir. Sənin o zərif  vücudundakı  enerji, öyrənmək və öyrətmək  eşqi yalnız müəllim anada ola bilərdi. 

Rastlaşdığımızda qəlbin çox yaralı idi.  Mən də anamı yeni itirmişdim və onun yerinə əsla kimisə qoya biləcəyimi düşünməmişdim.  Amma oldu! Anam oldun, qaynanam yox. “Mən bir  gənc  qız itirmişəm, sən də bir  yaşlı ana. Sənin bir anaya ehtiyacın var, mənim də qıza! Ana-qız olaq!” - dedin.  Söz verdim! Və sonunadək  öz adıma verdiyim bu sözə sadiq oldum...Bilmirəm sən məndən razı qaldın yoxsa yox, amma mən həmişə səndən razı oldum! Nur içində yat!
Mənim  indi sadəcə bir amalım var -hər bir çətinliyə sənin qədər mətanətlə dözmək,kimsəyə problemlərini bəlli etməmək, məndə qoyduğun əmanətlərə sənin  kimi ana ola bilmək, əlin, ətrin dəyən hər şeyi qorumaq, yerində qalan böyük bir  boşluğu  doldurmaq.  Bacaracağammı?Bilmirəm. Ruhun və  səndən öyrəndiklərim köməyim olar, İnşallah!  Əlvida, Ana!
P.S. Əfsus ki, parta arxasından başlayan bir sevgi ilə, on il bir sinifdə oxuyub, 53 il birlikdə yaşadığın, zarafatla “düz 69 ildir buna dözürəm” dediyin, qovuşmağınız yolunda hər ikinizin əziyyətlər çəkdiyi ömür-gün yoldaşın Akif əmi də səndən sonra ikicə həftə yaşaya bildi...  “Mələksiz bu dünyanın nə anlamı? – deyərək həyata göz yumdu! Yeriniz cənnət olsun! 

Qərənfil Mansurova 


Mələk Mirhadıyeva xatirələrdə

“Mələk müəllimə ilə uzun illər birlikdə çalışdıq.  İngilislərin bir  sözü  var “teacheruptothebone” - iliyinə qədər müəllim! Bu söz Mələk müəllimənin boyuna biçilmişdi sanki. Dərsi elə bir şövqlə deyirdi ki, sanki nəğmə oxuyurdu. O, tələbəyə təkcə elm öyrətmirdi, vətəndaşlıq, dostluq, insanpərvərlik, fədakarlıq öyrədirdi. Çünki, özü əsl nümunə idi. O içəri girəndə özümdən asılı olmayaraq  ayağa qalxırdım... Təəssüf ki, onu belə tez  itirdik.  Xatirəsi  daim qəlbimizdə yaşayacaq.”
Afət Abbasova,

UNEC Xarici Dillər kafedrasının müdiri, 
filologiya  elmləri doktoru, professor

“Mələk xanım mənim üçün  təkcə həmkar, iş yoldaşı deyildi, mənəvi ana idi. Bütün sirrlərimi bölüşdüyüm həmdəmim idi.  Atamın, anamın itkisindən sonra  ağrısını ən güclü  hiss etdiyim Mələk xanımın ölümü oldu! Heyf! Heç unutmayacağam onu!”

Yeganə Hüseynova - iş yoldaşı

“Adların insanların taleyində böyük əhəmiyyəti var. O da bir mələk idi - gerçək Mələk! Özəl günlərimi daha da gözəlləşdirən,  adi günlərimə  bayram havası qatan  sonsuz sevgi qaynağım idi.  Mənə tez-tez “Hər iki dünyanın pak mələyisən” - dediyində qəlbinin ən gözəl yerindəydim, bilirəm. O məndəki yerindən bəhs  edirdi əslində.  Ayna olduq bir-birimizə.  Həzin səsi, içimə ilıq-ilıq  axan sevgi dolu baxışları həyatımızdan əskildi... Sonsuzadək ibadət edəcəyim könül məbədim -Mələk anam! Hər zaman qəlbimdə olacaqsan!”  

Xəyal Əlif qızı Əlifzadə - mənəvi qızı

“Onun ölüm xəbərini eşidəndə bəlkə də həyatımda ilk şoku yaşadım. Elə sevgi dolu, elə şəfqətli idi ki... Axı, belə bir müəllim heç vaxt ölə bilməzdi. Uzaq bir rayondan  təhsil dalınca Bakıya  gəlmişdim. Hər  hansı bir problemim olarsa, anamdan əvvəl Mələk müəllimə hayıma çatar - deyə düşünürdüm. Bu, inamı tək məndə yox, bütün tələbələrində özü  acılamışdı. Buna qadir idi.  40 gündür hələ də auditoriyaya girəndə gözüm onu axtarır.  Yəqin ki, həmişə də axtaracaq...”

Tural - tələbəsi