“Parlamentdə intonasiyanın sərtləşməsi düzgün deyil” - Professorla kobud davranıblar!

Milli məclisin dünənki iclasında spiker Sahibə Qafarova ilə deputat Sabir Rüstəmxanlı  arasında qalmaqal baş verib. 
“Sherg.az” xəbər verir ki, deputat, eyni zamanda, xalq şairi olan Sabir Rüstəmxanlı fikirlərini dedikdən sonra spikerin sərt reaksiyası ilə qarşılaşıb.

S. Rüstəmxanlı “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı tənqidi fikirlər səsləndirib. 

Deputat bildirib ki, əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir, onlar işsiz qalır. Millət vəkilinin sözlərinə görə, qanunlarla heç nəyi dəyişmək mümkün olmayacaq:

 “Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada da heç nə yoxdur”.

Parlamentin sədri Sahibə Qafarova isə deputatın sözlərinə sərt reaksiya verib. Spiker hesab edir ki, heç bir qanun burada gurultulu qəbul olunmur:

 “Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”. 

Bu polemika cəmiyyət tərəfindən bir mənalı qarşılanmayıb. Sosial şəbəkələrdə əksər istifadəçi S. Qafarovanın çıxışını S.Rüstəmxanlıya qarşı hörmətsizlik kimi qiymətləndirib.

Arzuolunmaz söz dueli barədə “Sherg.az”a danışan BDU-nun professoru, tanınmış jurnalist Qulu Məhərrəmli bildirib ki, iclas zamanı Sahibə xanımın emosional şəkildə irad tutması düzgün deyil. Junalist özünün də  Milli Məclisdə kobud reaksiyalarla qarşılaşdığını vurğulayıb:

“”Media haqqında” qanun təqdim edilərkən komitə sədri Əli Hüseynov mənim düşüncəmə görə, çox kobud cavab verdi”. 

Q.Məhərrəmli düşünür ki, insanları dinləmək və adekvat cavab vermək lazımdır:

“Hesab edirəm ki, Milli Məclisdə intonasiyanın sərtləşməsi düzgün deyil, tamamilə yanlışdır. Bu yanaşmanı dəyişmək lazımdır”.

Çimnaz ŞAHLAR