Boşanmaların sayı artır!-  Çıxış yolları göstərildi: “Ciddi struktur yaradılmalıdır”

 “Qurumlar məsələnin kökünə enmirlər. Günün tələblərinə uyğun metodlarla işləsələr, düzgün nəticə əldə edə bilərlər” 

Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 461 00 nikaha daxilolma və 143 16 boşanma halları qeydə alınıb. Bu barədə "Sherg,az"a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Niyə boşanmalar bu qədər artır? 

Sosioloq - alim Əhməd Qəşəmoğlu “Sherg.az” açıqlamasında qeyd edib ki, son 10-20 ildə cəmiyyət xeyli mürəkkəbləşib və həssaslaşıb:

“Bizim ailə məsələləri ilə məşğul olan müəssisələr elə bilir ki, 30-40 il bundan qabaq ailə problemləri necə həll olunurdusa, indi də o cür edilməlidir. Hər şeyi axarına buraxıblar. Bu işlə ciddi məşğul olan yoxdur. Bu işləri təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi həll edə bilməz. Onlar icraçıdır, qarşıya qoyulan vəzifələri yerinə yetirirlər”.

Ə.Qəşəmoğlu diqqətə çatdırıb ki, bu ölkədə ailə ilə bağlı ciddi siyasi struktur yaradılmalıdır:

“Məsələn, humanitar və sosial siyasətdə yeniliklər olmalıdır, elmi əsaslarla fəaliyyət proqramı hazırlanmalıdır. Biz aydınlaşdırmalıyıq ki, ailənin cəmiyyətdə əsas funksiyaları nədir. Bunu "Ömrün uğurlu bünövrəsi" adlı kitabımda izah etmişəm. Gərək dəqiqləşdirək ki, cəmiyyətin dəyişdiyi bir vaxtda hansı işləri görsək, ailə institutu möhkəmlənər. Ancaq bu tərəfdən yanaşmırlar. "Biz qadınlara hüquqlarını öyrətdik", "Ailədə qadın zorakılığının qarşısını almaq üçün böyük işlər gördük" kimi fikirlər səsləndirirlər. Bunlar köməkçi vasitələrdir, problemlərin özüdür. Qurumlar məsələnin kökünə enmirlər. Günün tələblərinə uyğun metodlarla işləsələr, düzgün nəticə əldə edə bilərlər". 

Ə.Qəşəmoğlu  boşanmanın ümumi təsirlərindən də danışıb:

 “Boşanma ona görə dəhşətlidir ki, bu tək qadın ilə kişinin ayrılması ilə nəticələnmir. Həmçinin yeni nəsilə də mənfi stimul verir. Onların da taleyində, fikirlərində və əməllərində münaqişə baş verir, xaos olur. Gərək bu məsələlər üçün həyəcan təbili çalınsın, həssas mövqe qoyulsun”.

Cəmilə ƏZİM