Eşq şəhəri...

Hər mövsüm gözəldir

Həzrəti-Mövlanənin 748-ci “Vuslat İl dönümü” (görüş, vəhdət, birgəlik) Beynəlxalq Anım törəni çərçivəsində Mövlanə şəhəri Konya bu il də qonaqlarını qarşılayır. “Şərq” Türkiyə mediasına istinadən bildirir ki, Konya Böyükşəhər bələdiyyə başqanı İbrahim Altay  Mövlanənin ilahi eşq, sevgi və qardaşlığa söykənən fəlsəfəsi əsrlərdir milyonlarla insanı Konyaya cəlb edir. Hər il Mövlanə Cəlaləddin Ruminin vəfatının ildönümü Konyaya gələn qonaqlar şəhərin tarixi və təbii gözəlliklərinə heyran qalır. 

Ötən il pandemiya səbəbindən Konya qonaqları qəbul edə bilməyib. Bu il isə həqiqət və Mövlanə aşiqlərinin bir məkana  cəmlənməsi mümkün oldu. 

Builki tədbirlərdə səmazənlərin ecazkar çıxışları ilə yanaşı, konfranslar, sərgilər, “Məsnəvi” söhbətləri, dinləmələr, şəhər gəzintiləri də təşkil edilib. Bələdiyyə başqanı bildirib ki, builki tədbirlər sayəsində dünyaya mərhəmət və gözəlliklər gətirəcək ariflərin yetişəcəyinə ümid edir. Bu il qonaqlar Mövlanə türbəsi – Qübbə-yi Hadranın bərpa edildiyinə də şahid olur. Türbə özünün əsl rəngləriylə şəhərə gələnləri salamlayır. 

Mövlanə türbəsi Konyanın rəmzi hesab edilir. Bu səbəbdən də onu bərpası çox diqqətlə aparılıb,  tarixiliyinə, əslinə kölgə salınmasına imkan verilməyib. Mövlanə Bazarı və Altun Bazarda da tarixi ənənələrə uyğun bərpa işləri icra edilir. Bu layihə sayəsində ticarət sahəsində canlanma olacaq, dükan sahibləri də razı qalacaqlar. 

“Yeni Konya” ərazisindəki Əlaəddin Təpəsi adlanan yerdə də bərpa işləri aparılır. Bələdiyyə başqanı “Səlcuq hökmdarlarının paytaxtı, Mövlanə şəhəri Konya hər mövsümdə gözəldir. UNESCO-nun qorunan mədəni miraslar siyahısında olan Konyada gəzməli, görməli yerlər çoxdur. Hamını Konyaya dəvət edirik”, söyləyib. Konra saray mətbəxinin də ən gözəl örnəklərinə sahibdir. Dünyada məzarı üzərində türbə inşa edilmiş yeganə aşbaz Atəşbaz-i Vəli də konyalıdır. Konyanın müasirliyi isə hazırda şəhərdə velosiped sürənlərin çox olmasıdır. Konya demək olar, həm də velosiped sürənlərin şəhərinə dönüb.  Şəhər bələdiyyəsi velosipedlərin sayını artırmaq üçün layihələr həyata keçirir. Şəhərdə velosiped sürənlər üçün 35 kilometrlik yol çəkilib. 

Burada velosiped parkları, velosiped təmir stansiyaları, xüsusi körpülər, işıqforlar quraşdırılıb. Velosipedlər havanı çirkləndirmədiyindən Konya ekoloji cəhətdən də təmiz şəhər hesab edilir.