“Bəzi hakimlər xalqın etimadını sarsıdıb” – “Təmizləmə” davam edir 

Parlamentin iclasında “Azərbaycan Respublikası apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib. Bir sıra apelyasiya məhkəmələrinə hakimlər təyin edilib.

Vətəndaşların əsassız get-gələ salınması, işlərə baxılmasının süründürülməsi, habelə bəzi hakimlərin qeyri-etik davranışı insanları narazı salır və şikayətlər doğurur. Bu səbəbdən bəzi hakimlər "nöqsan və pozuntulara yol verdikləri" üçün məhkəmə sistemindən uzaqlaşdırılır və yeniləri ilə əvəz edilir.

Yeni təyinatların əhəmiyyətindən danışan hüquq üzrə fəlsəfə doktoru, sabiq millət vəkili Çingiz Qənizadə “Sherg.az”a bildirib ki, xalqın məhkəmələrə etimadına ədalətli iş prinsipi təsir göstərir:

“Cənab prezident İlham Əliyevin 2019-cu ilin aprel ayının 4-də verdiyi fərmana uyğun olaraq ədliyyə sahəsində mühüm tədbirlər görülür. 

İslahatların məqsədi məhkəmələrə layiqli hakimləri təyin edərək ədaləti bərqərar etməkdir. 
Bəzi məhkəmə işçilərinin yol verdiyi yanlışlar xalqın etimadını sarsıdıb. 

Bu məsələdə subyektiv və obyektiv səbəblər var. Subyektiv səbəblər əsasən hakim korpusu ilə bağlıdır.

 Bəzi vəzifəlilər, məmurlar qanunsuz əməllərə yol verirlər ki, tez varlansınlar. Təyin olunan yeni hakimlər müəyyən kurslar keçib, imtahan verib seçiliblər.

 Əgər xalqın məhkəmələrə qarşı etimadı bərpa olunarsa, demək, gənc, istedadlı kadrların iş prinsipləri düzgündür və ədalətin bərpası üçün çalışırlar”.

Xanlar ƏLİBƏY