Mütəxəssisdən xəbərdarlıq! - “Telefondan məlumatlarınızı çəkə bilərlər” – Bunları etməyin! 


“Tanımadığınız proqramı yükləməyin”

“Pulsuz təkliflər verə bilərlər, lotoreyada qalib gəldiyinizi deyə bilərlər. Müxtəlif üsullarla istifadəçini aldadıb, sonra telefona proqram yüklədib görüntüləri götürə bilirlər”

“Və yaxud video bağlantılarında bir növ şirnikləşdirib ekran görüntüsünü əldə edə bilərlər. İnsanlar ehtiyatlı olarsa, öz təhlükəsizliklərini təmin edəcəklər”


Soial şəbəkələrin Azərbaycan seqmentində şantaj hallarının sayı artıb.  
Daxili İşlər Nazirliyinin məlumatına görə,  son dövrlərdə “telegram” sosial şəbəkəsində kanalların insanların şəxsi həyatları ilə bağlı video və fotoların paylaşılması və sonradan şantaj edilərək silinməsi müqabilində pul tələb etməsi barədə müraciətlər daxil olur. 

Bu məlumatlar hərtərəfli araşdırılıb və təhlil edilib. Araşdırma zamanı şantaj video və fotolarının həmin kanalların adminləri tərəfindən müxtəlif yollarla ələ keçirildiyi məlum olub. Hətta, ötən həftələrdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “telegram” sosial şəbəkəsində qeyd edilən kanalların adminləri paytaxt sakinləri Pərviz Qurbanov, Faiq Səfərəliyev və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.

Bəs kibercinayət halları niyə bu qədər geniş vüsət alıb? Bununla bağlı hansı  maarifləndirmə işləri aparılır və ya aparılmalıdır?

Sualmızı cavablandıran İnformasiya-Kommunikasiya Texnologiyaları(İKT) mütəxəssisi Cavid Yaqubəli “Sherg.az”a bildirib ki, insanlar mobil telefonlarına hansısa tətbiq yüklədikdə diqqətli olmalıdırlar:

“Şəxsən mən görməmişəm ki, kimsə bu mövzuda maarifləndirmə işləri aparsın. Belə izah verim, sizin telefonunuzun kamerasına hər hansı bir şəxsin müdaxilə etməsi üçün, onun yaratdığı zərərli proqramı telefonunuza yükləməlisiniz. Qarşınıza çıxan hər tətbiqi fikir vermədən "hə" deyərək yükləyirsinizsə, artıq kibercinayətkar sizin telefonunuzu rahatlıqla idarə edə bilir. Telefonunuzdakı şəxsi məlumatları əldə edib, sonradan sizi şantaj etməyə başlayırlar. Hansısa   Bu cür halların qarşısını almaq üçün məsələn, “Android” sistemlərinin "Play Protect" funksiyası var ki, o, "Play Store"də yerləşdirilmiş proqramların zərərverici kodunun olub-olmadığını yoxlayır. Onlar "Google" tərəfindən əvvəlcədən təsdiqlənib ictimaiyyətə təqdim olunur.Ona görə də tətbiqləri yükləyərkən "Play Store"dən yükləmək lazımdır”.  

Ekspert aldanmamaq üçün qarşı tərəfə fürsət verməməyi tövsiyə edib:

“Tanımadığınız proqramı yükləməyin. Pulsuz təkliflər verə bilərlər, lotoreyada qalib gəldiyinizi deyə bilərlər. Müxtəlif üsullarla istifadəçini aldadıb, sonra telefona proqram yüklədib görüntüləri götürə bilirlər. Və yaxud video bağlantılarında bir növ şirnikləşdirib ekran görüntüsünü əldə edə bilərlər. İnsanlar ehtiyatlı olarsa, öz təhlükəsizliklərini təmin edəcəklər”.

Cəmilə ƏZİM