Hamı dərman biznesi ilə məşğuldur


Məmurlar, millət vəkilləri tibbi xidmət sektorunu ələ keçirib

Eyyub Hüseynov: "Belə şəraitdə əlbəttə ölkədə xəstələrin sayı da çox olacaq, dərman preparatlarına xərclənən vəsaitin miqdarı da. Dərman biznesi də getdikcə genişlənəcək"

"Araşdırma aparmışam və məlum olub ki, Bakıda apteklər Parisdən 20 dəfə, Vaşinqtondan 25 dəfə çoxdur. Təkcə Gəncə şəhərində 1 küçədə sıraya düzülmüş 20 aptek saymışam"

    Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 952 milyon manat vəsait xərclənib. Bu, 2020-ci illə müqayisədə 24,8 faiz çoxdur. 2021-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2 faizi əczaçılıq məhsulları, tibbi ləvazimatların alınmasına sərf olunub. Dərman preparatlarına sərf olunan vəsait hətta ərzaq məhsullarını da üstələyir. 2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Əczaçılıq məhsulları, tibbi ləvazimatlara xərclərin artmasının səbəbləri barədə  "Sputnik Azərbaycan"a danışan Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm bildirib ki, ölkədə əhalinin əczaçılıq məhsulları, tibbi ləvazimatlara tələbatının artmasına təsir edən əsas amil pandemiyadır. Onun sözlərinə görə, pandemiya dövründə əsas tələbat koronavirusun müalicəsində istifadə edilən dərman preparatları ilə yanaşı, tibbi maska, süni tənəffüs aparatları, oksigen balonu, nəbzölçən kimi tibbi ləvazimatlara da tələbat artıb: "Bundan əlavə, koronavirus infeksiyası digər yanaşı xəstəliklərə də təsir etdiyindən, pandemiyanın səngidiyi dövrlərdə insanlar müalicə üçün dərman preparatlarından istifadə etməli oldular. Bu gün hər addımbaşı aptekə rast gəlirik. Təkcə Bakıda Tibb Universitetinin ətrafında onlarla aptek fəaliyyət göstərir. Apteklərin də sayının günü-gündən artması dərman preparatlarına əhalinin tələbatının artmasından xəbər verir". Ə.Rüstəm bildirir ki, ölkədə əczaçılıq məhsullarına artan tələbat dərman bazarında qiymətlərin bahalaşmasına da təsirsiz ötüşməyib. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında ötən il əhalinin gəlirlərinin böyük hissəsinin məhz dərman preparatlarına sərf olunmasının təkcə pandemiya ilə bağlı olmadığını dedi:
- Pandemiya səbəblərdən yalnız biridir. Digər səbəblər, pandemiyadan da əsaslı və həlli tələb olunan ciddi problemlərdir. Azərbaycan aptek şəbəkəsinin ən çox olduğu ölkədir. Araşdırma aparmışam və məlum olub ki, Bakıda apteklər Parisdən 20 dəfə, Vaşinqtondan 25 dəfə çoxdur. Təkcə Gəncə şəhərində 1 küçədə sıraya düzülmüş 20 aptek saymışam. Apteklərdə, eləcə də klinikalarda pasiyent növbələri də bəlkə heç bir ölkədə olmayan qədər bizdə çoxdur. Heyrətli budur ki, heç bir qurum bununla bağlı tədqiqat aparmır. Sanki insanların klinikalara, apteklərə axın etməsi kimlərəsə sərf edir. Əgər mən qərar verən olsaydım, məmurların xarici ölkələrdə müalicəsini qadağan edərdim. Klinikalar açan, işlədənlərin əksəriyyəti yüksək vəzifəli şəxslərdir. Ya da bu adamlar klinika rəhbərinə havadarlıq edir. Bəs niyə xəstələnəndə onlar xarici ölkələrə “qaçır”? Vəziyyətin bu həddə çatmasının bir səbəbi də 15 ildir qəbulu gecikdirilən “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanundur.  Bu qanun illərdir ki, qəbul olunmur, “ölü” qanuna çevrilib. Niyə? Məmurlar, millət vəkilləri tibbi xidmət sektorunu ələ keçirib, dərman biznesiylə məşğuldurlar. Belə şəraitdə əlbəttə ölkədə xəstələrin sayı da çox olacaq, dərman preparatlarına xərclənən vəsaitin miqdarı da. Dərman biznesi də getdikcə genişlənəcək. 

E.Hüseynov dərman preparatlarına tələbatın artmasının səbəbləri sırasında keyfiyyətsiz qida və qeyri-sağlam həyat şəraitinin təsirini də vurğuladı:

- Əlbəttə, qidaların da burada böyük rolu var. Qida Təhlükəsizliyi Agentliyi qidaların təhlükəsizliyini təmin edir, qidanın keyfiyyətinə nəzarət etmir. Nə yeyiriksə, bu, səhhətimizə təsirini, təbii ki, göstərir. Əhalinin düzgün qidalanma barədə məlumatsız olması, düzgün qidalanmaya riayət etməməsi, oturaq həyat tərzi, idmanla məşğul olmaması da nəticə etibarilə insanların yolunu aptekə salır. 
E.Hüseynov yerli dərman istehsalı təmin edilməyənədək problemin həll edilməsinin çətin olacağını bildirdi:
- Şəhərdə alman aptekləri var. Orda dərmanlar daha da bahadır, bunu da belə “əsaslandırırlar” ki, guya, bu dərmanlar keyfiyyətlidir. Hərçənd ki, bu apteklərdə də saxta dərmanlar satılır. Ümumiyyətlə, dünyada 30 faizədək saxta dərman dövriyyəsi mövcuddur. Azərbaycanda yerli dərman istehsalı üçün hər cür resurslar var, amma monopolistlər buna imkan vermir.  Yerli tibbi ləvazimat istehsalı yalnız tibbi xalatlar, tibbi maska, əlcək... bu kimi ləvazimatlarla məhdudlaşır. 

E.Hüseynov dərman preparatlarına tələbatın artmasının səbəbi kimi həm də əhalinin özbaşına müalicə olunduğunu göstərdi:

- Bunun səbəbi isə həkimlərə, klinikalara imansızlıq və qiymətlərin baha olmasıdılr.  Vətəndaş bu qənaətə gəlir ki, həkimə getsə, ona bahalı, firma dərmanları yazılacaq, bunları almağa maddi imkanı olmayacaq. Həkim onu yersiz müayinələrə göndərəcək. Bunun üçün də pul tələb olunur. Ona görə də özü başının çarəsinə baxır. Bildiyi, tanıdığı, təcrübədən keçirdiyi dərmanları özü apteklərdən alır. Klinikalar, həkimlər aqressiv şəkildə reklam olunur, az qala əhalini zorla klinikalara getməyə təhrik edirlər. Klinikalarsa nəticəsiz müalicəyə görə təzminat ödəmir. Bizə belə müraciət daxil olub ki, 18 yaşlı qız klinikaya aparılıb, lakin müalicə nəticə verməyib və orada vəfat edib. Lakin klinika çəkilən xərcin, heç bir qismini də geri qaytarmır. Həkimlər peşə məsuliyyəti daşımır. Əhali də tibbi təyinatsız müalicə üsuluna üstünlük verir.