Sağlam nəsil, sağlam gənclik yetişməlidir

Narkomaniyaya qarşı mübarizədə dövlətin və cəmiyyətin bütün təbəqələri iştirak etməlidir
İctimai və dövlət maraqlarının müdafiəsi

   Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb. DİN mətbuat xidmətinin məlumatında qeyd olunur ki, saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə - heroin və psixotrop maddə (metamfetamin) aşkar olunaraq maddi sübut kimi götürülüb. 5-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı paytaxt sakinləri Anar Göyüşov, Zeytun Məmmədov, Anar Nəcəfov, Elmir Abbasov, Nicat Əhmədov, Aftandil Abazov, Ramal Paşayev, Azər Yadullayev, Əfqan Nəzərov, Orxan İsmayılov və Nasir Vələdov tutulublar. Adları sadalanan şəxslər Binəqədi və paytaxtın digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. 

Analoji xəbərlərin yayılması intensivləşib. Narkotik maddələrin satışının qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları hansısa şəhərdə və ya bölgədə xüsusi əməliyyatlar keçirir, bir qrup şəxs saxlanılır. Bir neçə gün əvvəl də Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları əməliyyat keçirmişdi və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Əli Əhmədov və İntiqam Həsənov  tutulmuşdu.  Onlardan həm psixotrop maddə “patı”, “şüşə” adlanan metamfetamin, 89 ədəd metadon həbi, həm də odlu silah müsadirə edilmişdi. Məlumatda qeyd edilirdi ki, faktla bağlı Əli Əhmədov və İntiqam Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. 

Hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirir. Lakin bu azdır. Uşaq və yeniyetmələr, gənclərlə işləyən, cəmiyyətin mənəvi-psixoloji sağlamlığının qorunmasına cavabdeh olan qurumlar da çalışmalı və hüquq-mühafizə orqanlarının işinə dəstək verməlidirlər. Bunu ilk növbədə dövlət maraqlarımız tələb edir. Azərbaycan dövlətinə sağlam cəmiyyət lazımdır. Ölkədə sağlam nəsil, sağlam gənclik yetişməlidir ki, dövlətin təhlükəsizliyini onlara əmanət etmək mümkün olsun. Dövlət xalqdan, xalq da dövlətdən güc alır. Bu iki məfhum  bir-birindən ayrılmazdır. Dövlət maraqlarına xidmət edən nə varsa, eyni zamanda ictimai maraqlara da uyğundur. Narkotik vasitələrin dövriyyəsinin genişlənməsi heç bir halda dövlət maraqlarına xidmət edə bilməz, çünki nəticədə bu, cəmiyyətdə xəstə insanların artmasına səbəb olacaq. Xəstə dedikdə, hərfi mənada orqanizmin hansısa xəstəliyə tutulmasından söhbət getmir. Burada mənəvi aşınmaya, psixoloji sarsılmalara məruz qalan vətəndaşdan söhbət gedir. Belə vətəndaşın da nə cəmiyyətə, nə də dövlətə xeyri dəyər. Bu sahədə hansı işlər görülməlidir ki, cəmiyyətin sağlamlaşmasına xidmət etsin? 

Professor Rafiq İsmayılov “Şərq”ə açıqlamasında qeyd etdi ki, narkomaniyanın qarşısı kompleks tədbirlərlə alınmalıdır: 

- Narkomaniya elə bir bəladır ki, ona nəinki sivil cəmiyyət, hətta cinayətkar aləm də mənfi münasibət bəsləyir. Cəzaçəkmə müəssisəsinə məhz narkotik maddələrin satışı, dövriyyəsini təşkil etməyə görə düşənlərə məhbuslar da xor baxır, onları daim aşağılayır. Yəqin bunu ədəbi əsərlərdə, filmlərdə də görmüsünüz. Narkotik alverçiləri, cəmiyyəti, insanları zəhərləyənlər hər zaman qınaq obyekti olur, hətta onlara qarşı  qanunun tələbləri öz yerində, “yeraltı dünya” nümayəndələri tərəfindən də xüsusi cəzalar tətbiq edilir. Hesab edirəm ki, narkomaniya əleyhinə kompleks tədbirlər aparılmalıdır. Təhsil Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq Mərkəzi, icra hakimiyyətləri, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar, xeyriyyə fondları… Dövlətin və cəmiyyətin bütün təbəqələri bu prosesdə iştirak etməlidir. Xüsusi qrantlar ayrılsın, maarifləndirmə tədbirləri həyata keçirilsin. Araşdırma və tədqiqatlar aparılsın. Maarifləndirmə tədbiri deyiləndə, çox zaman bunu “dəyirmi masa” keçirmək kimi qəbul edirlər. 5-6 nəfər yığışır, müzakirə aparır, bəzi statistik rəqəmlər səsləndirilir, bununla guya ki iş tamam olur. Belə deyil, maarifləndirmə tədbirləri məktəbləri, ali təhsil müəssisələrini, yaşayış massivlərini əhatə etməlidir. Məktəblinin istifadə edə biləcəyi broşüralar nəşr etdirmək, orada narkomaniya, onun zərərləri barədə məlumat vermək,  daha əsası, bu tora düşməməyin üsulları izah edilməlidir. Narkomaniya həm də psixoloji məsələdir. İnsanlara psixoloji təsir göstərərək tora salırlar. Məsələn, birisi yeniyetməyə  deyir: “Kişi ol, al “çək””. Yeniyetməyə anladılmalıdır ki, kişilik narkotik çəkməklə ölçülmür. Kişilik igidlikdir, xalq yolunda, Vətən yolunda igidlikdir. Hansı ki, Vətən müharibəsində minlərlə gəncimiz torpaqlarımızı düşməndən azad etməklə bunu nümayiş etdirdi. Kişilik evdə ailənin, övladların təəssübünü çəkməkdir.  Narkotik çəkib ağlını, dərrakəsini itirən şəxsdən ailə başçısı olmaz. Uşaqlara, gənclərə bunlar sadə dillə, konkret nümunələrlə anladılmalıdır. Vətəndaşlar bilməlidir ki, narkotik istifadəçiləri başqalarını tora salmaq üçün hansı çağırışları edir, hansı üsullardan istifadə edib digərlərini özlərindən asılı vəziyyətə salırlar. 

R.İsmayılov qeyd etdi ki, narkomaniyaya qarşı mübarizədə sosial çarxlar, maarifləndirici sosial reklamlar da önəmlidir:

-  Qonşu dövlətlərdə bunun yaxşı nümunələri var. Bizdə də narkomaniyaya qarşı sosial  çarxlardan istifadə edilir. Lakin bunlar yetərsizdir. Bu sosial çarxların, sosial reklamların əhalinin bütün təbəqələrinə çatdırılması təmin edilməlidir. Bölgələrdə işsiz insanların məşğulluğunun təmin edilməsi, eləcə də yeniyetmə və gənclərin asudə vaxtının maraqlı keçməsi üçün zəruri tədbirlər görülməlidir.