Cərimələr artırılır: Guya bununla dəm qazından zəhərlənmələrin qarşısını alacaqlar


Elmar Nurəliyev: "Tək cərimələrlə problem həll edilməz, geniş konsepsiya işlənib hazırlanmalıdır"

"Əlaqədar qurumlar çalışmalıdır ki, mərkəzləşdirilmiş istilik sisteminin şəbəkəsi genişlənsin və daha çox abonenti əhatə etsin. Bu, təhlükələrin minimuma endirilməsinə kömək edəcək"

   Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək,  hüquqi şəxslər isə  iki min beş yüz manatdan üç min manatadək cərimə ediləcək. Cərimələrin artırılmasının həm də dəm qazından zəhərlənmələrin qarşısını alacağı da bildirilir. Dəm qazından zəhərlənmələrə mənzillərdə quraşdırılmış qeyri-standart qaz qurğuları, sobalar, hamam otaqlarındakı su qızdırıcıların, həmçinin qaz xətlərinə qanunsuz müdaxilələr, qaz şəbəkəsinə kortəbii qoşulmaların səbəb olduğu məlumdur. 

Lakin sakinlər soyuq havalarda qızınmaq üçün həyatlarını riskə atmalı olurlar.  Çünki mənzilləri başqa üsulla isitmək mümkün deyil. Paytaxtda, eləcə də regionlarda mərkəzləşdirilmiş istilik sistemi çox az abonenti əhatə edir. İnsan qızınmaq üçün hansısa vasitədən istifadə etməyə məcburdur. Bu başqa problemdir ki, mərkəzi istilik sisteminə daxil olan binaların tüstü bacalarının təmizlənməsi lazimı qaydada həyata keçirilmir və nəticədə dəm qazından zəhərlənmə hadisələri baş verə bilir. Amma nəzərə alınmalıdır ki, paytaxtda kifayət qədər, hətta böyük sayda fərdi yaşayış evləri var və bu evləri sakinlər özləri – kim necə bacarır – şəraitə və maddi imkanına uyğun qızdırır.   

Təhlükəsizlik məsələləri üzrə ekspert  Elmar Nurəliyev “Şərq”ə açıqlamasında dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün geniş konsepsiyanın işlənib hazırlanmasına ehtiyac olduğunu dedi:

- Tək cərimələrlə problem həll edilməz. Cərimələrin artırılması daha çox qaz xətlərinə qanunsuz qoşulmalar, təbii qazdan qanunsuz istifadələrin qarşısını almaq, həmçinin də zəhərlənmə təhlükəsini artıran səbəbləri, məsələn, tüstü bacalarının vaxtlı-vaxtında, heç olmasa, ildə 1 dəfə təmizlənməsi, texniki xidmətin düzgün aparılması və buna ciddi nəzarətin təmin  edilməsi məqsədi daşıyır. Amma bu, məsələnin bir tərəfidir. Digər səbəblər də var. Hamımız bilirik ki, bazarda qeyri-standart qaz sobaları, su qızdırıcılar satışdadır. İnsanlar bunları alır, mənzildə, hamam otağında quraşdırır. Hətta mənzillərin içində istifadə edilən qaz sobaları, isitmə cihazları da çox zaman standartlardan kənar olur. Bu problemə təkcə fərdi evlərdə, həyətyanı sahəsi olan evlərdə rastlanmır.  

Bir çox yeni tikililər, yaşayış kompleksləri var ki, onlar da mərkəzi istilik sistemindən kənardır və sakinlər mənzillərini imkanları daxilində isidirlər. Kimisi qaz sobası ilə, kimisi kombi sistemi ilə. “Pyatiminutka” adlanan qısa zamanda su isidə bilən cihazlardan da mətbəxdə, hamam otaqlarında geniş istifadə olunur.  Çünki binalar mərkəzi istilik sisteminə qoşulmayıb. Hesab edirəm ki, mütləq  geniş konsepsiya hazırlanmalıdır və orada bütün bu problemlərin aradan qaldırılması yolları, risklər və səbəbləri də  göstərilməlidir. 

Belədə problemə daha geniş yanaşma mümkün olacaq. Əlaqədar qurumlar çalışmalıdır ki, mərkəzləşdirilmiş istilik sisteminin şəbəkəsi genişlənsin və daha çox abonenti əhatə etsin. Bu, təhlükələrin minimuma endirilməsinə kömək edəcək. Vətəndaşlar da daim məlumatlandırılmalıdır. 

 Məsələn, dedektorların faydası barədə məlumat verilməlidir. Dedektorlar təbii qazın yanmasında problem yarandıqda, yəni dəm qazı əmələ gəldikdə xəbərdarlıq siqnalı verir. Yaxşı olar ki, mənizllərdə dedektorlardan istifadə edilsin. Bu da təhlükəni azaldır, dəm qazından sığortalayır. 

Kompleks tədbirlərin həyata keçirilməsi risklərin aşağı düşməsinə səbəb olar. Əks halda, nə qədər ki, mərkəzi istilik sisteminə qoşulmalar azdır, dəm qazından zəhərlənmələr də olacaq, tələfat da.