Daha ziyarətgahlara din xadimlərini QMİ təyin etməyəcək

Yaxın 1 il müddətində bu addımın effektini bütün xalq görəcək

"QMİ “qocalmış” bir idarədir və çarlıq zamanından qalma funksiyalarını artıq həyata keçirə bilmir"

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alına bilər.
Trend-in məlumatına görə, bununla bağlı məsələ “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

Qanuna dəyişikliklərin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sabah (bu gün) keçirilən iclasında müzakirə edilməsi nəzərdə tutulur.

Qanun layihəsində nəzərdə tutulan dəyişikliklə bağlı “Şərq”ə açıqlama verən ilahiyyatçı Tural İrfan bu addımı təqdirəlayiq hal hesab etdiyini bildirib.  

“Çox layiqli və hətta gecikmiş qərardır. Biz dəfələrlə bu barədə təkliflər irəli sürmüşük ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) müəyyən səlahiyyətləri məhdudlaşdırılıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) verilməlidir. Ola bilər ki, şeyxülislamın şəxsi nüfuzuna və ya başqa bir səbəbə görə bu məsələ indiyə kimi yubanırdı. 

QMİ “qocalmış” bir idarədir və çarlıq zamanından qalma funksiyalarını artıq həyata keçirə bilmir. Qeyri-hökumət təşkilatı olduğuna görə də dövlət onların faəliyyətini qanun çərçivəsində tənzimləyə bilmir. Ancaq dövlət komitəsinin səlahiyyətləri daha çoxdur. Eyni zamanda müsəlman ölkələrindəki təcrübə də bunu göstərir. Bu baxımdan qərar təqdirəlayiqdir. 

Həmçinin ziyarətgahlarda özbaşınalıq hökm sürürdü. Hərə bir ziyarətgahı əlinə keçirmişdi və öz məqsədləri üçün istifadə edirdi. Müəyyən yerlərdə İcra hakimiyyəti orqanları da onlarla şərik idi və bu yerləri müəssisə kimi istifadə edib, yığılan pulları mənimsəyirdilər. QMİ bəlkə özü də buradan “bəhrələndiyi” üçün buna göz yumurdu. Ümumilikdə belə qüsurlar çox idi.
Məscidlərə imamların təyin olunması səlahiyyətinin dövlət qurumuna keçməsi də çox önəmli və sevindirici bir haldır. Çünki idarə Çar Rusiyası dövründə yaranıb və fəaliyyətini indi də Rusiya və İranın təsir dairəsində həyata keçirir. Bu səbəbdən məscidlərə imam təyinatında da bir çox qüsurlara yol verirdilər. Xurafatçı, radikal, bəzən də xaricdə din adı altında siyasi təlim keçmiş axundları gətirib təyin edirdilər. Bu da ölkədə məzhəbçilik intriqası, xurafatçılıq yaradırdı və bir çox insanlar buna baxaraq dindən uzaqlaşırdılar”. 

İlahiyyatçı həmçinin qeyd edib ki, yaxın 1 il müddətində bu addımın effektini bütün xalq görəcək:

 “DQİDK yarandığı gündən təqdirəlayiq fəaliyyət göstərib. Bu gün də oranın yetişdirdiyi kifayət qədər kadr potensialı var. Oradan İlahiyyat Universitetinin rektoru Ceyhun Məmmədov kimi deputat şəxslər çıxıb. Bu, özünü sübut etmiş bir qurumdur. İndiyə kimi QMİ-dən fərqli olaraq bu komitədən kiminsə rüşvətxorluq və ya başqa bir yanlış hərəkətini etdiyini eşitməmişik. İnanıram ki, Mübariz Qurbanlı bu işlərə nəzarət edəcək və xalq da razı qalacaq”. 

Sənan İSMAYIL