Olduğu kimi görünən insan...

Cəlal Məmmədov- 60

Biz Cəlal Bəydilli ilə bir neçə ildir ki, qonşuyuq- eyni binada yaşayırıq. Yüz səksənə yaxın ailənin yaşadığı bu binanın cəmi bir giriş-çıxışı olduğu üçün onunla tez-tez üz-üzə gəlirik. Sadə, mehriban adamdır. O qədər təvazökardır ki, yaxından tanımasan, nə elmlər doktoru, nə də ki, məsul vəzifədə çalışdığını hiss etməzsən. Adama elə gəlir ki, haradasa müəssisələrin birində çalışan sadə peşə sahibidir...

İnsanları yaxşı tanıyır. Qayğıkeş olduğundan son tikəsini bölüşməyə hazırdır. Səbirli və təmkinlidir. Bu illər ərzində onun kiminləsə, nəyə görəsə mübahisə etdiyinin şahidi olmamışam. Ən gözəl xüsusiyyəti isə odur ki, insanlarda mənfi yox, müsbət xüsusiyyətlərə önəm verir... 

Deyir ki:- “Şairlər böyük şəhərlərin “cəhənnəmindən” yetəcək qədər danışıblar. Bodler iri şəhərə “ölümün kölgələr ölkəsi” deyirdi... Doğrudan, gün keçdikcə böyük şəhərlər üzərində daha az ulduz görünür. Günəşi belə unutmaqda olan şəhər insanının ulduzlara tamaşa etmək heç ağlına gəlməz. Hərçənd ulduzlar öz varlığının fərqinə varanlar üçün ümid işığıdı - insana daim var olduğunu xatırladar. Ancaq ulduzların səpələndiyi göylər aləmiylə əhatəli kənd adamından fərqli olaraq şəhər adamı ulduzlu səmanı seyr edə bilmir. Yəqin bu üzdəndi, artıq sevməyi də bacarmır... Günəşin, Ayın, ulduzların... Allaha səcdə etdiyini görmədən necə sevsin?..”

Onun üçün tarazlıq çox böyük əhəmiyyət kəsb edir. Həyatda nəyinsə həddən artıq olmasını xoşlamır. Tarazlığın, ölçünün pozuiduğu yerdə harmoniya və mütənasibliyi bərpa etməyə can atır. Çox həssas insandır. Özündən əvvəl başqalarının reaksiyalarına diqqət yetirməyə meyllidir. Estetik hisslərinin inkişaf etdirilməsi, ictimai sahədə fəal olması onu sevilən, hörmətli insan kimi tanıtdırır...

“C.Meriç deyir ki, “renessansdan bu günəcən ötən tarix antik çağların yabançısı olduğu bir dərd aşıladı insanlığa”. Kökü “fabriklərin uğultusunun İsrafilin suru kimi insanlığın yuxusunu qaçırdığı” sənaye inqilabları dövrünəcən uzanan bir dərd: “angoisse”... bir inamsızlıq duyğusu olaraq özünü göstərir. “Angoisse” hiss edən fərd sıxıntısının qaynağını bilməz... Cismani baxımdan nəfəs darlığı ilə bəlli edər o özünü, döş qəfəsində bir sıxıntı hiss edər, tərləyərsən, nəbzin daha sürətlə vurar. Çox vaxt əllərin-ayaqların titrər və canına ümumi bir halsızlıq gələr...” Və başqalarından daha çox seçilmək istədikcə, o boğuntu qarşısında bir elə çox çarəsiz qalarsan.”- söyləyir...

Cazibədarlığı ilə münasibətlərdə son dərəcə təsiredici ola bilir. Dərin hisslərə qapılmamağa üstünlük verir. Azadlığına önəm verməyi, müstəqilliyini qoruyub saxlamağı bacarır. Amma tənhalıqdan da zəhləsi gedir. Komandada çalışmağı xoşlayır...

Bir vaxtlar eyni elmi kollektivdə çalışdığı, filologiya elmləri doktoru Seyfəddin Rzasoy onun barəsində söyləyir:- “Cəlal Bəydili (Məmmədov) müasir Azərbaycan filoloji-folklorşünaslıq fikir məkanında xüsusi məna sahəsi, daha doğrusu fikir paradiqması yaratmış alimdir. Akademik fəaliyyətinə “Dədə Qorqud” obrazının təhlili ilə başlamışdır. Bu obrazı türk etnik-mədəni ənənəsinin məna qatları boyunca araşdırmaq gənc alimə türk eposuna çox geniş prizmadan baxmağa imkan vermişdir. Bu cəhətdən, müəllifin namizədlik dissertasiyası Dədə Qorqud obrazı ilə bağlı ciddi elmi qənaətlərlə zəngin olub, bu gün də qorqudşünaslığın əsas qaynaqlarından hesab olunur.
Cəlal müəllimin müəllifi olduğu “Türk mifoloji sözlüyü” adlı izahlı lüğət həm həcmi, həm terminoloji tutumu, həm də elmi səviyyəsi baxımından Azərbaycan humanitar-filoloji fikir məkanında xüsusi hadisədir. 
Mifoloji lüğət – “mifin dili” deməkdir. Bu dili öyrənmək, onun kodlarını, şifrələrini, semiotik məna çalarlarını öyrənmək və sistemləşdirmək ömürdən illər və ağır zəhmət tələb edən hadisədir. Cəlal Bəydili (Məmmədov) ömrünün bir çox qiymətli illərini bu möhtəşəm abidənin yazılmasına sərf etdi və Azərbaycandilli elmi məkanı son dərəcə qiymətli abidə ilə zənginləşdirdi.
Cəlal müəllimin elmlər doktorluğu dissertasiyası da fundamental elm hadisəsidir. Bu iş türk mifoloji obrazlarının strukturu və funksiyası probleminə həsr olunmuşdur. Bu sahə ilə məşğul olan insan kimi deyə bilərəm ki, türk mifoloji obrazlarına bu kontekstdə yanaşma bütün dünya türkologiyasında ilk dəfə Cəlal Bəydili (Məmmədov) tərəfindən həyata keçirilmişdir.
Cəlal məndən bir neçə yaş kiçikdir. Müxtəlif ali məktəblərin filologiya fakültələrinə eyni vaxtda daxil olmuşuq. Tələbəlik illəri də gözümün qabağında keçib. Onun tələbəliyi kitabla keçdi. Kitab onun dünyası idi və indi də elədir. Miflərin, əfsanələrin, hikmətli sözlərin vurğunudur.
Biləsuvar rayonunda bir neçə il müəllim işlədi. Şagirdləri indi də öz sevimli müəllimi ilə əlaqə saxlayırlar.
O, çox prinsipial insandır. Elmin mənafeyinə çox ciddi yanaşır və bu məsələlərdə nadir hallarda güzəştə gedir. Buna görə də bir qədər “soyuq adam” təsiri bağışlayır. Əslində isə Cəlal müəllim sadə qəlbə, düzgün dəyərlərə əsaslanan prinsipial xarakterə malik insandır və bir alim kimi həmişə elmi həqiqət daşıyıcılarının yanında durur.
Cəlal müəllimə, onun ailəsinə, sevdiklərinə və onu sevənlərə can sağlığı arzulayıram.”

Deyir ki:- “...İnsanların bir-birilə bağlanmamağı, ünsiyyət saxlamamağı, təmas qurmamağı və könüldaş olmamağı əslində əsrarəngiz tərzdə “Tanrıdan uzaq” olmaqlığın özüdür. Şəhərə təbiətin ahəngini qatmayan, əksinə, bu ahəngi büsbütün özündən qovan meqapolis artıq içərisində Allahın yer almadığı bir məkandır. Şəhərlər böyüdükcə dindarlığın azalmağı yəqin bu üzdəndi... Amma modern “həyatın sıxıntı və fəlakətlərinə də ancaq din ilə müqavimət göstərmək” olardı.
“Dövrümüzün ən mühüm icadını soruşsaydınız, tərəddüd etmədən deyərdim: individ”. İri şəhərin tənha insanının varlığını təhdid edən, yaşamağı gözündə mənasızlaşdıran sıxıntı məhz “individ” olmağı üzündən meydana çıxıbdır. Bu ifrat fərdiyyətçiliyi onu inancdan məhrum qoydu, mənəvi dünyasını viranəyə çevirdi. Çəkdiyi sıxıntı, yaşadığı üzüntü bu üzdəndir. Fərqinə varmadı ki, “Tanrısı olan birini sıxıntı əsla ələ keçirə bilməz”. Bax, mənəviyyatı belə zəif olan, könül dünyalarında dərin boşluq yaranan və kim olduğunu unudanlardı o məşum dərin tənhalıq duyğusuna qapılanlar. Vəhdaniyyət hissindən məhrumiyyətin, parçalanmışlığın gətirdiyi qorxu içində isə heç hansı dəyərə bağlı qalmadan, həyata məna vermədən çox da uzun yaşamaq olmur. Müasir şəhərlərin dayanılmaz sıx informasiya məkanı tənhalığı ən şiddətli dərəcəyə çatdırdı. Meqapolislərdə yaşayanların çoxunun özünəməxsus qəribə psixi xassəli olmağı həm də ona görədir... Bu gedişlə günümüzün nəhəng şəhərləri bir neçə nəsil sonra həyat üçün yararlı olmaqdan çıxıb yaşanılmaz hala gələcək...”

Bəli, haqqında söhbət açdığım Cəlal Bəydilli maraqlı və məzmunlu insandır. Onu tanımaq, ünsiyyətdə olmaq böyük şərəfdir. İnsanlara sevgin, məhəbbətin, ehtiramın artır...

Oktyabrın 9-u Cəlal müəllimin 60 yaşı tamam olur. Ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıram...
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu