Milli Məclis Prezidentin fikirlərini çağırış kimi qəbul edərək dərhal komissiyanın yaradılmasına qərar verdi
“Xüsusi qanunvericilik bazası yaratmaqla biz hibrid müharibənin komponentlərinə qarşı, xarici müdaxilələrə, təhdidlərə qarşı mübarizə aparmaq üçün hüquqi baza əldə etmiş olacağıq”
Milli Məclisin 2024-cü il payız sessiyasının ilk iclasında xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb. Spiker Sahibə Qafarova komissiyanın yaradılması haqqında məsələ barədə danışarkən bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin ilk iclasında etdiyi çıxışın önəmli bir hissəsini müəyyən xarici dairələrin ölkəmizə qarşı hazırladığı planlara, onların apardığı qarayaxma, iftira, böhtan kampaniyalarına, ideoloji təxribatlara həsr edib: “Bildiyiniz kimi, ideoloji təhlükəsizlik məsələləri dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra xüsusi aktuallıq kəsb edib. Xalqımızın tarixi qələbəsi ilə barışa bilməyən qüvvələr Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənmək, Azərbaycanın işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər. Bu səbəbdən ölkəmiz mürəkkəb xarakterli təhlükələrlə üzləşir. Ənənəvi çağırışların qalmaqda davam etdiyi bir şəraitdə yeni, daha məkrli müdaxilə formaları da ortaya çıxır. Bu cür hərəkətlər dövlətimizi daxildən zəiflətməyə, ictimaiyyətin dövlət institutlarına etimadını sarsıtmağa və nəticə etibarı ilə milli maraqlarımıza xələl gətirməyə, müstəqilliyimizi və ictimai-siyasi sabitliyimizi təhlükə altına almağa yönəlib. Onu da deyim ki, bir sıra hallarda biz üstüörtülü təhdidlər və müdaxilələr ilə qarşılaşırıq, cəmiyyətimiz və dövlətimiz ilə manipulyasiya etmək cəhdləri çoxgedişli təbliğat kampaniyaları - onu biz hamımız yaxşı bilirik - saxta şüarlar ilə pərdələnir. Bu baxımdan, hesab edirəm ki, komissiyanın fəaliyyəti çevik, aktiv və preventiv xarakter daşımalıdır”. Müzakirələrdən müvəqqəti komissiyanın tərkibi müəyyənləşib. Millət vəkili Ramid Namazov komissiyanın sədri, millət vəkilləri Sevil Mikayılova, Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Qaya Məmmədov, Rasim Musabəyov, Gülşən Paşayeva və Zaur Şükürov komissiyanın üzvləri seçilib. Millət vəkili Hikmət Babaoğlu “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Prezidentin çağırışlarını diqqətə alaraq belə bir komissiyanın yaradılmasına qərar verdi:
" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev VII çağırış Milli Məclisin açılış mərasimində çıxış edərkən ölkəmizə qarşı olan ideoloji təhdidlərdən danışdı və eyni zamanda qeyd etdi ki, Azərbaycan ictimai rəyi üzərində hakim olmağa çalışan güc mərkəzləri var. Bu, hər iki istiqamət hibrid təhdidlərin əsas komponentləridir. Milli Məclis cənab Prezidentin fkirlərini çağırış kimi qəbul edərək dərhal bu komissiyanın yaradılmasına qərar verdi. Komissiyanın yaradılmasında məqsəd hibrid müharibəyə qarşı mübarizəni necə formalaşdırmaq, mübarizənin istiqamətlərini müəyyənləşdirmək və bunu qanunvericilik halına salaraq mübarizə istiqamətlərinə çevirməkdir. Komissiyanın qarşısında çox mühüm vəzifələr durur. Bu vəzifələr informasiya məkanında, ideoloji müstəvidə, internet resurslarında Azərbaycana qarşı aparılan hibrid müharibənin qarşısını almaq üçün qanunvericilik bazasını formalaşdırmaqdan ibarətdir. Bu cür təhlükələrin qarşısını almaq hər bir dövlətin milli təhlükəsizlik məsələsidir. Milli təhlükəsizlikdə heç bir güzəştə yer yoxdur, olmamalıdır. Və düşünürəm ki, xüsusi qanunvericilik bazası yaratmaqla biz hibrid müharibənin komponentlərinə qarşı, xarici müdaxilələrə, təhdidlərə qarşı mübarizə aparmaq üçün hüquqi baza əldə etmiş olacağıq. Və bu, ölkəmizə qarşı təhdidlərin qarşısını almaqda böyük əhəmiyyətə malik olacaq".