Mühüm hədəf odur ki, erməni təxribatına cavab verdikdə Azərbaycanı ittiham etsinlər, dini abidələri hədəf almaqda suçlasınlar
Ermənistan Silahlı Qüvvələri dini abidələri hərbi məqsədlər üçün istifadə edir. Yayılan video-görüntülərdən görünüb ki, Ermənistan tərəfi hərbi birləşmələrini şərti sərhəd istiqamətindəki dini abidələrin yanında yerləşdirir. Ehtimal edilir ki, Ermənistan tərəfi bu yolla həm kamuflyaj olunmaq, həm də təxribatlar zamanı ehtimal cavab zərbəsi olarsa, qarşı tərəfi, yəni Azərbaycanı "dini abidələri hədəf almaqda" ittiham etmək məqsədi güdür.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Ermənistan ötən dövrlərdə baş vermiş hadisələrdən hələ də düzgün nəticə çıxartmayıb. Deputat vurğulayıb ki, İrəvan hökuməti hələ də eyni yanlış addımları atır, eyni səhv siyasəti yerinə yetirir:
"30 il Ermənistan üçün ağır bir dövr idi. O mənada ki, Ermənistan dövləti bütün imkanlarını, maddi vəsaitlərini hərbi sahəyə, daha doğrusu işğalçılıq siyasətinə yatırdı. Nəticə isə Azərbaycanın müəyyənləşdirdiyi formada oldu. Azərbaycan bütün məqsədlərinə nail oldu. Din məsələsinə gəldikdə isə, ermənilər tarix boyu dindən alət kimi öz məqsədləri üçün istifadə ediblər. Həqiqətdə mənəvi dəyərlərin təbliği məqsədi daşıyan din Ermənistanın əlində böyük siyasi vasitəyə çevrilib. Biz bunu dəfələrlə müşahidə etmişik, əfsuslar ki, bugün də eyni mənzərənin şahidi olmaqdayıq. Ermənilər tarix boyu dini abidələrdən hərbi məqsədlər üçün sığınacaq kimi faydalanıblar. Dini alət etməklə çoxsaylı təxribatlar törədiblər. Ermənistan bunu məqsədyönlü şəkildə edir. Bilirlər ki, Azərbaycan xalqı bütün dinlərə hörmət bəsləyir".
Parlament üzvü vurğulayıb ki, digər daha mühüm səbəb və hədəf isə odur ki, sabah hansısa hadisə baş verdikdə, erməni təxribatına cavab verdikdə Azərbaycanı ittiham etsinlər, dini abidələri hədəf almaqda suçlasınlar:
"Yəni ermənilər kilsədən Azərbaycanın mövqelərinə atəş açırsa, buna mütləq cavab veriləcəyini də hesaba qatırlar. Guya azərbaycanlılar ermənilərin dininə hörmət etmirlər, kilsəyə atəş açırlar və s. Dünya ictimaiyyətinin diqqətini də bu məsələyə çəkmək istəyirlər. Bu, ermənilərin uzun illər həyata keçirdiyi düşünülmüş siyasətdir. Uzun illər erməni tərəfi Azərbaycanla arasındakı münasibətləri bu formada - dini münaqişə şəklində təqdim etməyə çalışır".