"Elgizlə izlə"də biabırçılıq! – “Televiziyalar maarrifləndirici funksiyalarını unudublar" - VİDEO

"Elgizlə izlə" verilişində televiziyamız adına utancverici olay baş verib. Belə ki studiyada kişi həyat yoldaşına yalvararaq onsuz yaşaya bilməyəcəyini bildirib. Reytinq xatirinə atılan addımlar cəmiyyətdə xoş qarşılanmayıb. Sosial şəbəkələrdə insanlar verilişi tənqid etməyə başlayıblar. İnsanlar Azərbaycan televiziyasında belə görüntüləri görmək istəmədiklərini söyləyiblər. 

Televiziyamızdakı nöqsanlarla bağlı "Sherg.az"a danışan jurnalist, Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədai bildirib ki, oradakı olaylar real həyat hekayələrini ifadə etməyə də bilər:

“Əsas məqsəd cəmiyyətin başını qatmaqdır. Lazımi vaxtda müəyyən bir görüntünü ortaya atırlar ki, cəmiyyətin fikrini dağıtsınlar. Bizim əhalinin düşüncəsini çox yaxşı bilirlər. Məsələyə hər kəsin fikir bildirəcəyini, nəticədə də gündəmi zəbt edəcəyini çox yaxşı anlayırlar”.

Ekspertin fikrincə, belə verilişlər gələcəyimiz üçün heç nə vəd etmir:

“Elə bu yaxınlarda məktəbdə müəyyən olaylar baş verib. Şagirdlər müəllimə qarşı hörmətsizlik ediblər. Bu da göstərir ki, müəllim-şagird münasibətlərində, təhsil sistemində problemlər var. 

Ciddi bir məsələnin müzakirə olunduğu vaxtda diqqət mənasız bir videonun üzərinə çəkilir. Uşaqlar televiziyalarda, sosial şəbəkələrdə belə görüntüləri izlədikdən sonra özləri də mənasız işlərlə məşğul olurlar. 

Televiziyalar öz maarrifləndirici funksiyasını yerinə yetirə bilmir. Aqressivləşmiş insanların başını bu cürə görüntülərlə qatır”.

Xanlar ƏLİBƏY