Səfir: Özbəkistan Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə çalışır

Azərbaycan ilə Özbəkistan arasında əlaqələr sürətlə inkişaf edir və onların siyasi, iqtisadi, investisiya, elmi-texniki, mədəni-humanitar sahələrdə gələcək inkişafı birgə tərəfdaşlıq məntiqinə əsaslanacaq.
“Report” xəbər verir ki, bu barədə Özbəkistanın Bakıdakı səfiri Baxrom Aşrafxanov Özbəkistan Respublikasının müstəqilliyinin 33 illiyinə həsr olunmuş tədbirdə bildirib.
“Özbəkistan-Azərbaycan əlaqələrinin sürətli inkişafı ortaq tarixə, adət-ənənələrə, dinə, qarşılıqlı etimada əsaslanır. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şafkat Mirziyoyevin xidmətləri ikitərəfli münasibətlərin keyfiyyətinin yüksəldilməsinə böyük töhfə verir”, - diplomat deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin 2024-cü ilin avqustunda Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətləri daha da möhkəmləndirib.
“İkitərəfli əməkdaşlığın siyasi, iqtisadi, investisiya, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişafı bundan sonra da birgə tərəfdaşlıq məntiqinə əsaslanacaq”, - səfir söyləyib.
Aşrafxanov Özbəkistanın Qarabağın bərpası prosesindən, burada sosial infrastrukturun və istehsal müəssisələrinin tikintisindən razı olduğunu vurğulayaraq, Özbəkistanın bu məsələdə Azərbaycana dəstəyini davam etdirəcəyini söyləyib.
Diplomat iki ölkə arasında dostluq münasibətlərinin Cənubi Qafqazda və Mərkəzi Asiyada sülh, azadlıq və sabitlik naminə ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.