Xaricdən gələn şübhəli zənglər bloklanıb

Osman Gündüz: "Atılan addımlardan sonra vətəndaşlara gələn naməlum, hücum xarakterli zənglər, informasiyaların ələ keçirilməsi kimi halların sayı kifayət qədər azalacaq"

Xaricdən gələn şübhəli zənglər bloklanıb. Keçən ilin dekabrında Azərbaycanın mobil operatorlarına vətəndaşların mobil telefonlarına xaricdən gələn şübhəli zəngləri bloklamaq tapşırılıb. Bu barədə "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər" adlı tədbirdə çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib. R.Rüstəmov bildirib ki, bu cür zənglərin 90 faizə yaxını bloklanıb:
"Bu işlər fırıldaq halların qarşısının alınmasına yönəlib. Mobil qurğularda klonlaşdırılmış IMEI nömrələrin müəyyən edilməsi ilə də bağlı işlər aparılır".

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında bildirib ki, şübhəli zənglər vasitəsilə vətəndaşlar təhdid olunur: 

"Onların şəxsi, maliyyə, bank və s. kimi məlumatları ələ keçirilir. Bu proseslərdən biri də xaricdən gələn zənglərlə bağlı idi. Mobil operatorlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tövsiyələrindən yararlanaraq öz sistemlərində müəyyən texniki tənzimləmələr həyata keçirməklə bu tip zənglərin sayının minimuma endirilməsini həll ediblər. Artıq bununla bağlı nazirlik açıqlama verib. 

Əhalinin narazılığına səbəb olan problemlər üzrə atılan addımlardan sonra vətəndaşlara gələn naməlum, hücum xarakterli zənglər, informasiyaların ələ keçirilməsi kimi halların sayı kifayət qədər azalacaq. Bununla yanaşı, vətəndaşlar da ayıq-sayıq olmalıdırlar. Özlərinin elementar informasiya təhlükəsizliyi qaydalarına əməl etməlidirlər. Bəzən nömrəyə naməlum zənglər, gözlənilməyən, qeyri-adi mesajlar, müxtəlif linklər gəlir. Belə məsələlərdə şəxslərin bir qədər diqqətli olması arzuolunandır. 

Həmçinin zəruri, elementar təhlükəsizlik qaydalarına riayət edilməsi doğru olar. Beləliklə onları müxtəlif təhdidlərdən qoruya bilər".