Dövran dəyişir: Dövlət orqanlarında çalışan hüquqşünaslar da vəkil olmağa can atır

Ölkədə gənclər müstəntiq yox, vəkil olmaq istəyir, hüquqşünas çatışmır. Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda hüquqşünasların sayı olduqca azdır:
"İstər dövlət orqanlarında, istər özəl sektorda hüquqşünaslara böyük ehtiyac var. Əvvəllər hüquq-mühafizə orqanlarında çalışmaq istəyən gənc hüquqşünaslar indi daha çox vəkil olmağa can atır. Eyni zamanda bəzi dövlət qurumlarında çalışan hüquqşünaslar vəkil kimi fəaliyyət göstərməyə üstünlük verir". 

Hüquqşünas Adəm Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, dünya təcrübəsinə əsasən də söyləmək olar ki, ədliyyə orqanlarında, məhkəmələrdə çalışan şəxslərdə vəkillik fəaliyyəti daha uğurlu alınır:

"Hüquqşünasın peşəkar olması üçün onun harada çalışması çox mühüm əhəmiyyət kəsb edir. Vəkilin silahı ağlı, savadı, qələmidir. Təcrübəsi olmayan bir insan mantiyanı əyninə geyinib, vəsiqəsini cibinə qoymaqla vəkil olmur.  Bunu belə izah etmək olar: Sanki hər hansı bir rayonun ucqar bir kəndində yaşayan da, Amerikanın mərkəzində fəaliyyət göstərən şəxs də deyir ki, ticarətçiyəm.

 Vəkil vəzifə fəaliyyəti deyil ki, pillə-pillə qalxsın. O, öz üzərində çalışıb, yaradıcı işlərlə məşğul olmalıdır. Çox insan isə bu istiqamətdə tənbəllik edir. 

Vəkillərin sayının çox olmağındansa, peşəkarların çox olmasını arzu edirəm. Amerika Birləşmiş Ştatlarında ictimai vəkillik deyilən bir anlayış var. Şəxs uzun müddət işləyir, könüllü xidmət göstərir, məhkəmələrə çıxır. Özünü doğrultduqdan sonra vəkil statusunu qazanır. Gələcəkdə zəruri olmayacaq ixtisaslar varsa, onlardan biri də hüquqşünaslıqdur. Çünki elm və texnikanın inkişaf etdiyi bir zamandayıq. Əvvəl hər hansı cinayəti müəyyən etmək üçün müxtəlif əməliyyatlar aparılırdı. Amma artıq bir telefon danışığı ilə cinayətin üstü açılır".