Şərqşünas virtual həcc ziyarətini dəstəkləmir: “Bu, ziyarət sayılmır”

“Rəbbin hökmləri yerində icra olunmalıdır. Həcc ziyarətini Kəbəyə gedərək etmək ilahi kökmdür”

Səudiyyə Ərəbistanı Kəbə və Həcc məkanlarının simulyasiyasını virtual aləmə daxil edib. Bununla da müqəddəs torpaqlar Metakainat üçün açılıb. Artıq müsəlmanlar müqəddəs yerlərə getmədən Hacər-ül Əsvəd daşını (qara daş) görüb ona toxuna biləcəklər. Onlar hətta ətraf mühitin qoxusunu da hiss edəcəklər. 

Həcc ziyarətini də ağuşuna alan virtual aləmin gətirəcəyi yeniliklərdən "Sherg.az"a danışan Şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, virtual ziyarəti dəstəkləmir:

“Həcc ziyarəti İslam dininin əsas şərtlərindən biridir. İslamın təməl prinsiplərini bilən, rəbbinə könül verən, maddi imkanı olan hər bir inanclı, imkanlı müsəlmanın ömründə bir dəfə ziyarət etməsi vacib əməldir. Sifarişlə həcc qəbul olunmur. Düzdür, indi elmi-texniki tərəqqi dövründə yaşayırıq, belə yeniliklərin olmağı normaldır. Lakin bu, həcc ziyarəti sayılmır. Oraya gedən insanlar maddi imkanlarından istifadə edərək niyyət edirlər. Virtualda bu, mümkün olacaqmı?”.

S.C.Əzimbəyli virtual Həcc ziyarətinin müsbət tərəflərinin olduğunu da qeyd edib:

“Məsələn həcc ziyarətinə maliyyə imkanlarının çatışmazlığından, xəstəlik səbəbindən və ya başqa bir problemə görə gedə bilməyən insanlar üçün virtual ziyarət mənəvi rahatlaşmaya səbəb ola bilər. Lakin rəbbin hökmləri yerində icra olunmalıdır. Həcc ziyarətini Kəbəyə gedərək etmək ilahi hökmdür".

Xanlar ƏLİBƏY