Hər ağacın, hər kolun qədrini bilməliyik

Təəssüf ki, tikinti sektoru gəlirlərini düşünərək tikinti sahələrini ağacların kəsilməsi hesabına genişləndirirlər

Ekologiya və ətraf mühitin mühafizəsi 


   Paytaxtda, eləcə də bölgələrdə ağacların qanunsuz kəsilməsi, yaşıllıqlara ziyan vurulması ilə bağlı məlumatlar verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları hadisə yerində olur, qanunsuz hərəkətlərə yol verənlər bəzən müəyyənləşdirilərək qanunvericiliyin tələbləri daxilində cəzalandırılır, bəzən də cəzadan yayınırlar. Bu günlərdə Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb. Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 3 şam ağacının kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hazırda Abşeron Rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır. F.Piriyevin sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağaclar əkilib. Digər qanunsuz əməlsə paytaxtda qeydə alınıb. Nəsimi rayonu, Asif Məhərrəmov 36 F ünvanında “Fəxri” MTK tərəfindən aparılan tikinti işləri zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb. Xidmət rəsmisi Vaqif Cavadov Trend-ə bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparan “Fəxri” MTK-nın işçiləri tərəfindən üç şam ağacının budaqlarının kəsildiyi, bir sərv ağacının isə qanunsuz köçürüldüyü müəyyən edilib. “Faktla bağlı “Fəxri” MTK-nın hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib”. Bundan əvvəl də Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun mühafizə rejimini pozan şəxslər saxlanılmışdı. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirmişdi ki, araşdırma zamanı qanun pozucularının Daşkəsən rayon sakinləri Elnur Şadiyev və Mirzəli Orucov olduğu müəyyən edilib. “Mühafizə rejimini pozan təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür”. Bu səpkili xəbərlər təbii ki, üzücüdür. Dünyanın ekoloji fəlakətlə üz-üzə dayandığı, təmiz hava, münbit torpaqlara, ekoloji tarazlığa bütün dövrlərdən daha çox məhz indi ehtiyac duyulduğu bir zamanda ağacları kəsən, təbiətə ziyan vurmaqla insanlara ekoloji təhlükə yaradanlara ad tapmaq çətindir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin birinci vetse-prezidenti Mehriban xanım Əliyeva təbiətin mühafizəsində də örnək davranış sərgiləyirlər. Cənab Prezident və birinci xanım, həmçinin ailə üzvləri də öz təşəbbüsləri ilə ağac əkir, ağacəkmə kampaniyalarında iştirak edirlər. Son aylara nəzər salsaq, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkında, Xətai rayonundakı “Gənclik” parkında, Şuşada - Cıdır düzündə, Şamaxıda… hansı bölgəyə səfər edirlərsə orada ağac əkdiklərinin, ekologiyaya, təbiətə töhfə verdiklərinin şahidi oluruq. Ölkə başçısı, birinci vitse-prezident təbiətin qorunmasına bu qədər həssas yanaşır və bunun üçün əməli fəaliyyət göstərirsə, əlaqədar qurumların, o cümlədən vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Dövlət Ekoloji Təhlükəsizlik Xidməti təbiət üzərinə hücuma keçənlərin aşkarlanması, vurulan ziyanın aradan qaldırılmasına çalışır. Nazirliyin bununla bağlı paylaşımında bildirilir ki, yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Dünyada demoqrafik artımla yanaşı istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin - davamlı inkişafın formalaşdırılması hesabına ola bilər. Bu kontekstdə hazırda əsas prioritet davamlı inkişafın məqsədlərinin reallaşdırılması üzrə qlobal, regional və milli alətlərin əlaqələndirilməsidir. Hazırda beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqi həyata keçirilir. İqtisadi, siyasi, texnoloji və digər səbəblərdən dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə məskunlaşıb və bu göstəricinin 2050-ci ilə qədər 70 faizə qədər artacağı ehtimal olunur. Bu səbəbdən qabaqcıl dünya ölkələri beynəlxalq təşkilatların da dəstəyi ilə artan şəhərləşmənin yol açacağı ekoloji, demoqrafik və digər problemlərin qarşısını almaq üçün iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan dayanıqlı inkişaf modellərini tətbiq etməyə çalışır. Beynəlxalq Səhiyyə Təşkilatının bu sahədə qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil edirsə, bu, aşağı göstərici, 40-60 faiz hissəsini təşkil edərsə yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum 9 m2-dən az olmamalıdır. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının 1992-ci il tarixli Ətraf Mühit və İnkişaf Konfransında qəbul olunan prinsiplər əsasında şəhərlərin ekoloji statusunu müəyyən edən meyarlar üzrə müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri yaradılıb. 
Gözlənilən ekoloji təhlükə şəraitində hər bir ağacın, hətta kolun da qədrini bilməliyik. Lakin təəssüf ki, tikinti sektoru yalnız şəxsi gəlirləri düşünərək tikinti sahələrini ağacların kəsilməsi hesabına genişləndirirlər. 
Mövzuyla bağlı “Şərq”ə danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, şəhərsalma və tikinti sahəsində yeni qaydalar təsdiqlənib. Sahibkarlar bu qaydalara mütləq riayət etməlidirlər: - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Yaşayış binaları. Layihələndirmə normaları”nı təsdiqləyib. Tikintinin nə qədər ərazini əhatə edə biləcəyi də göstərilir. Tikintilər elə aparılmalıdır ki, ətrafda yaşıllıq zonalarına, ağaclara zərər toxunmasın. Yaşayış binalarının qarşısında mütləq yaşıllıq olmalıdır. Binaların həyətləri olmalı, orada sakinlərin istirahəti üçün şərait yaradılmalıdır. Məsələn, 1 hektar sahədə aparılacaq tikinti 2,8 əmsalından yuxarı ola bilməz. 1 hektar ərazi üçün tikinti sahəsi 28 min kvadrat metrdir. Bununla paytaxtın görünüşünün qorunması öz yerində, eyni zamanda ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq da nəzərə alınacaq. Əhali sıxlığı nə qədər çox artsa da, tikintilərdə təbiətin mühafizəsi, insanların təmiz hava alması üçün şəraitin yaradılmasına da mütləq əməl edilməlidir. Ağacların qanunsuz kəsilməsinə, yaşıllıqların məhv edilməsinə laqeyd yanaşmaq yolverilməzdir. Laqeydlik bizim üçün ekoloji fəlakəti sürətləndirə bilər.