Ağacların dibi betonlanırsa, vətəndaşlar da səssiz qalmamalıdır


Dərhal müvafiq qurumların qaynar xəttinə zəng edərək məlumat verməlidir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Bakı şəhəri, Əhməd bəy Ağaoğlu küçəsində ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb. Fakt təsdiqini tapıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov AzərTAs bildirib ki, xidmətin əməkdaşlarının nəzarəti altında ağacların dibi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib

Ağacların dibinin beton örtüklərlə qapadılması ilə bağlı problemlər uzun illərdir ki, yaşanır və onun birdəfəlik həlli mümkün görünmür. 

Bu barədə “Şərq”ə danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tərkibində yerləşən müvafiq qurumların bu problemlə bağlı mühüm addımlar atdığını bildirib:

“Onlar vətəndaşlar və ya hansısa qurumlar tərəfindən müraciət olunduqda monitorinq və təhlillər apararaq günahı olanları cəzalandırır.
Biz Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyi olaraq dəfələrlə bu barədə müraciət edərək təcrübə etmişik ki, həmin ağacların dibi bellənərək betondan təmizlənib və daimi qulluq göstərilir. 
Bu, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məsuliyyət dairəsinə aiddir və onlar bu məsələ ilə ciddi şəkildə məşğul olurlar. 

İnanmıram ki, hansısa dövlət qurumu beton örtüklərin salınması zamanı bu məsələyə nəzarət etsin. Burada vətəndaşın da üzərinə məsuliyyət yükü qoyulmalıdır. Onlar bu problemlərə qarşı diqqətli olmalı və belə hallarla qarşılaşanda müvafiq qurumların qaynar xəttinə zəng edərək məlumat verməlidir. Əhali ekoloji məsələlərə qaşı həssas yanaşmalıdır və səssiz qalmamalıdır”. 

Sənan İsmayıl