Bakıda Vətən müharibəsi şəhidi Cavid  Paşazadənin adına bulaq açıldı

Vətən müharibəsi şəhidi Cavid Paşazadənin xatirəsi əbədiləşdirilib

Bakının Binəqədi rayonundakı 217 saylı məktəbin yaxınlığında Vətən müharibəsi şəhidi Cavid Telman oğlu Paşazadənin adına bulağın açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon sakinləri, şəhidin oxuduğu məktəbin müəllimləri, eləcə də ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Şəhidin anası Sədaqət Paşayeva tədbirdə çıxış edərək, üç bacının bir qardaşı olan Cavidin həyatsevər, ata-anasına, qonşulara, böyük-kiçiyə hörmət edən bir gənc olduğunu söyləyib. Bildirib ki, bu gün oğlunun adını daşıyan bulaq sanki onun yola çıxan arzularıdır.

Sonra Cavid Paşazadənin təhsil aldığı orta məktəbin dərs hissə müdiri Nüşabə Əhmədova çıxış edərək, Vətən uğrunda canlarını qurban verən şəhidlərin xatirəsinin hər bir azərbaycanlı üçün əziz olduğunu deyib. Vurğulayıb ki, dərs dediyi məktəb Birinci Qarabağ müharibəsində üç şəhid verib. Cavid Paşazadə tərbiyəsi və əməksevərliyi ilə də məktəbin müəllim və şagird kollektivinin məhəbbətini qazanmışdı. O, hərbi xidmətini başa vursa da, Vətən uğrunda döyüşlərdə könüllü iştirak etməyə qərar verib.

Şəhid və qazilərimizin qəhrəmanlıq tarixlərini yazan jurnalist Aida Eyvazlı Göytürk müəllifi olduğu “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyini 217 saylı məktəbin dərs hissə müdirinə təqdim edərək, şəhidlərin uca məqamından, türk dünyasının qəhrəmanlıq tarixinə adlarını qızıl hərflərlə yazdıqlarından danışıb. Bildirib ki, 2020-ci ildə şəhid olan Vətən oğullarının və qazilərin qəhrəmanlığından bəhs edən yeni kitablar üzərində işləyir.

Tədbirdə Binəqədi rayonundan olan şəhid zabitlər Xəqani Əsgərovun və Vüsal Rüstəmovun anası, Elşən Musayevin qardaşı da çıxış edərək övladlarının və doğmalarının qanları ilə yazdıqları tarixlə qürur duyduqlarını söyləyiblər.

Digər çıxış edənlər - Cavid Paşazadənin çalışdığı şirkətin direktoru Eldəniz Hüseynov, şəhid zabit Ramiq Mikayılovun qardaşı Ağa Mikayılov, Vətən müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal, Birliyin Binəqədi rayonu üzrə nümayəndəsi Yasəmən Qəyyumlu, Azərbaycan Qarabağ Müharibəsi Əlil Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov 44 günlük müharibədə qazanılan şanlı Zəfərdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhid və qazi ailələrinə göstərdiyi yüksək dəyər və qayğıdan danışıblar. Şəhid adına açılan hər bir abidənin gənc nəslin tariximizi unutmaması baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər.

Sonda 217 saylı məktəbin şagirdləri Vətən və şəhidlərimiz haqqında şerlər oxuyublar.

Qeyd edək ki, Cavid Telman oğlu Paşazadə 2020-ci il oktyabrın 29-da Xocavənd rayonu uğrunda gedən ağır döyüşlərdə 19 yaşında şəhidlik zirvəsinə ucalıb.