Masallıda məktəbli qızın ərə verilməsi məsələsi araşdırıldı - YENİLƏNİB

Sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailədə olublar. 
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının birgə məlumatında qeyd edilib. 

Bildirilib ki, sözügedən məsələlər ilə bağlı faktlar araşdırılıb:

“Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də Rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq.  Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa, hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir”.

Xatırladaq ki, hazırda məsələ Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir.

12:42

Ötən gün sosial şəbəkələrdə Masallıda azyaşlı qızın ərə verilməsi ilə bağlı məlumatlar yayılıb. 

İddia edilir ki, hadisə rayonun Alvadı kəndində baş verib. Belə ki, məktəbli qızın özündən böyük kişi ilə evləndirilməsinə dair iddialar sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 

Müzakirələrə səbəb olan iddialarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. 

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Masallı rayonunun Alvadı kəndində yeniyetmə qızın ərə verilməsi ilə bağlı yayılan iddialar əsasında araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticəsinə uyğun olaraq ictimaiyyətə ətraflı məlumat veriləcək. Əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək”.