Başqa amil yoxdur! - “Hərbi qulluqçularımızın itməsinə səbəb əlverişsiz hava şəraiti olub”

Kəlbəcər rayonunun Alagöllər sahəsində  Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu istiqaməti itirərək azıb. Hərbi qulluqçularımız - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən yollarını itiriblər. Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüblər. İtkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun isə nəşi tapılıb. Yanvarın 31-i saat 12:30 radələrində cəsəd tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.

Hərbi ekspert Üzeyir Cəfərov "Sherg.az"a açıqlamasında bildirib ki, hərbçilərimizin yollarını azaraq itməsində komandir səhlənkarlığından danışmaq düzgün olmaz:

“Kəlbəcər hər zaman öz sərt iqlimi ilə seçilib. 1990-cı illərdə də Kəlbəcər bölgəsində əsgər və zabitlərimizin çoxunu sərt iqlim şəraitinə görə itirdik. İqlim əlverişsiz olduğundan bəziləri don vurmadan, bəziləri isə qar uçqununa düşdükləri üçün şəhid olublar. İstiqaməti itirərək azan hərbi qulluqçularımızın itməsinə də səbəb əlverişsiz hava şəraiti olub. Baş verən hadisədə komandir səhlənkarlığının olmasından danışa bilmərəm. O bölgədə şəraitə uyğun olaraq lazımi avadanlıqlar təmin edilir. Hərbçilərimizin geyimləri qaydasındadır. Regionda hər zaman 6 aylıq yanacaq, silah-sursat, yemək-içmək təmin edilir.

Ekspertin fikrincə, ehtiyac yoxdursa, şəxsi heyəti riskə atmağa dəyməz:

“Zəruri olmayan hallarda şəxsi heyət daldanacaqlarda gözləmələri daha məsləhətlidir. Şəraitə və vəziyyətə uyğun qərarlar vermək daha düzgün olar.Təbii ki, Ermənistan ordusunun diversantları da o qədər cəsarətli deyillər ki, qarlı havada ərazilərimizə soxulsunlar. Həmçinin onların təchizatı da yoxdur. Regionda söz sahibinin Azərbaycan əsgərlərinin olduğunu çox yaxşı bilirlər”.

Xanlar ƏLİBƏY