NASA yeni planet kəşf etdi


Burada qış 2 günə bitir, yaz ayı isə cəmi 1 gündür

   Alimlər NASA-nın 2020-ci ildə kainatı izləmiş “Spitzer” teleskopunun görüntüləri əsasında yeni planet kəşf edib. Bu planet indiyədək kəşf edilənlərdən tamamilə fərqlənir. “Independent” (Türkcə) yazır ki, planetə “XO-3b” adı verilib. Bu planetdə 1 il, Yer kürəsindəki 1 illə müqayisədə cəmi 3 gündür! Bu planetdə fəsillər qorxunc bir sürətlə bir-birini əvəzləyir. Qış 2 günə bitir, yaz ayı isə cəmi 1 gündür! Tədqiqat qrupunda təmsil olunan Lisa Dang “mövsümi temperatur dəyişikliklərinin dünyamızdakından yüz dəfələrlə güclü olduğunu gördük”, deyib. Bu planet “isti Yupiter” sinfinə aid edilib.

 Bu o deməkdir ki, yeni planetin ölçüləri ən azı Yupiter qədər, ya da ondan daha böyükdür. Planetin kütləsinin Yupiter planetindən 12 qat artıq olduğu zənn edilir. 

Planetin yaxınlıqdakı ulduzla arasındakı məsafə 6,7 milyon kilometrlik bir məsafədir. Astronomik ölçülərə görə, bu, planetin ulduzla “burun-buruna” dayanması deməkdir. 

Bu məlumatlar NASA-nın mətbuat konfransında açıqlanıb. Alimlər qeyd edib ki, yeni kəşf edilmiş planetdə mövsümlər ulduzdan gələn radiasiya miqdarına önəmli bir ölçüdə təsir edir. Bu, bizim dünyamızdakı fəsillərlə eyni deyil. Kosmik teleskop həm  də planetdə tünd qırmızı əlamətlər görüntüləyib. Bu da planetin son dərəcə qızmar temperatura malik olduğu və istiliyin daxildən qaynaqlandığı anlamına gəlir.