Professor gileyləndi: “Tələbələrin çoxu yazı qaydalarına əməl edə bilmir” – Biabırçılıqdır!

“Durğu işarələrini bir kənara qoyuram, çox ciddi nöqsanlar edirlər”

“Məsələn, "da" və "də"ni, "ki"ni bəzi hallarda bitişik yazırlar. Əlbəttə, məsələnin kökü məktəbə gedir”


Sosial şəbəkələrdə qrammatik səhvlərlə dolu paylaşım müzakirə predmetinə çevrilib. Ölkədə diplomlu işsizlər və ya ofisiantlar çoxdur. 

Ancaq  ali təhsil alan insanın  yazı normalarına əməl edə bilməməsi insanların mənfi münasibət göstərməsinə səbəb olub. Ümumiyyətlə, elə tələbələr var ki, universitetdə oxuyanda yüksək nəticələr əldə edir. Amma yazılarında orfoqrafik səhvlər olur. Hesab olunur ki, gənclərin bu cür problem yaşamalarına səbəb olan amillərdən biri də test üsulu ilə imtahan verməsidir. Ali təhsilli insanların bir çoxu qrammatik və orfoqrafik qaydalara niyə əməl edə bilmir?

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli  problemin məktəblərdən qaynaqlandığını bildirib:

“Biz yazılı imtahan götürəndə fikir veririk ki, tələbələrin çoxu yazı qaydalarına əməl edə bilmir. Durğu işarələrini bir kənara qoyuram, çox ciddi nöqsanlar edirlər. Məsələn, "da" və "də"ni, "ki"ni bəzi hallarda bitişik yazırlar. Əlbəttə, məsələnin kökü məktəbə gedir. Orta məktəblərdə yazı işi çox olanda qrammatik vərdişlər cilalanır. Ancaq bəzən bir-birlərindən köçürürlər. Baxırsan, şagirdlər imla və inşa yaza bilmirlər. 2-3 nəfər zəif olsa, başa düşərəm. Amma sinifin çoxunun belə olması biabırçılıqdır”.

 Professor imtahanların yazılı aparılmasının üstünlüyündən bəhs edib:

“Test üsulu ilə imtahan məhsuldar deyil. Tələbələrin çoxu mühazirə yazmır. Bu da yazı vərdişini zəiflədir. Gənclər çalışqan olmalıdır. Qiraətlə çox məşğul olmalıdırlar. Telefon və ya başqa vasitə ilə mesaj, sosial şəbəkələrdə status yazmaq   bizə sadə bir şey kimi gəlir. Ancaq necə yazdığımıza fikir vermirik”.

Q.Məhərrəmli hər kəsin qarşılıqlı şəkildə qrammatik qaydalara riaəti tələb etməsinin vacibliyini vurğulayıb:

“Xüsusilə, ictimai fiqur olan şəxslər yazılarına diqqət etməlidirlər. Həm də başqalarından da bunu tələb etməlidirlər. Dil bizim dəyərimizdir. Onu hərtərəfli qorumalıyıq”.  

Cəmilə ƏZİM