Cocuqların günahı nə?! – “Uşaqlara qarşı şiddət artıb” - Travmalar yaradır!

Fərqanə Mehmanqızı:“Uşaqlarımızı əmanət etdiyimiz insanlara çox diqqət yetirilməlidir”


Azərbaycanda dayə uşağa işgəncə verib. Oxu.Az xəbər verir ki, bu barədə uşağın anası görüntüləri yayıb. Belə ki, dayə yatmağını tələb etdiyi uşağa şpris ilə işgəncə verib. Hadisənin görüntüləri evə yerləşdirilmiş təhlükəsizlik kamerası ilə lentə alınıb.Son zamanlarda uşaqlara qarşı şiddət artıb. Ailə, məktəb, dayə və.s zorakı metodlardan istifadə edir. Hətta, uşaqların özləri belə bir-birlərinə qarşı kobudluq göstərirlər. İnsanların aqressivləşməsi müxtəlif səbəblərdən yaranır. Psixoloqlar bunu hava şəraiti, texnologiyanın yaratdığı fəsadlar, maddi vəziyyət və s. ilə əlaqələndirirlər. Ümumiyyətlə, keçmişdən bəri şiddət tərbiyə metodu kimi istifadə olunub. Valideynlər, müəllimlər, dayələr uşaqları döyərək onları idarə etmək istəyirlər. Təəssüf ki, bu fikir XXI əsrdə hələ də davam edir.

Niyə uşaqlara şiddət göstərilir?  Hansı preventiv addımlar atılmalıdır?

Suallarımızı cavablandıran Fərqanə Mehmanqızı“Sherg.az”a fiziki şiddətin tərbiyə üsulu olmadığını vurğulayıb:

“İnsanlar bunu tərbiyə metodu kimi qəbul edir. Təbii ki, cəza növüdür, fiziki şiddət var. Psixoloji cəhətdən uşaqlarda fəsad yaradır. Bu, şiddət törədən insanın ruh halını, psixoloji vəziyyətini, hətta sadist olduğunu açıq-aşkar göstərir. Buna görə də uşaqlarımızı əmanət etdiyimiz insanlara çox diqqət yetirilməlidir”.

Psixoloq adiyyəti qurumların bu işə ciddi yanaşmalarını bildirib:

“Ümumiyyətlə, dövlət xətti səviyyəsində uşaq baxıcılarının sertifikatlaşdırılması,  psixoloji durumu, pedoqoji qabiliyyəti yoxlanılsa, fəaliyyətlərinə nəzarət edilsə, insanlar da onlara güvənər və müraciət edər.  Bu da, uşaqların cəmiyyətdə sağlam bir şəxsiyyət kimi yetişməsində mühüm bir faktordur. Əslində, dayələr uşaqlara baxılmasında ailələrə çox kömək olur”.

Psixoloq uşaqlarda yarana biləcək travmalardan bəhs edib:

“Həm fiziki, həm də psixoloji şiddət insanların, xüsusilə, uşaqların şəxsiyyətinin formalaşması prosesində mənfi nüanslar yaradır. Uşaqlar qorxu yaşayır, özlərinə inam azalır.  Bu da, travmalar əmələ gətirir. Təəssüf ki, travmalar isə həyatlarının hər anında onlarla yaşayır. Düzəlməsi də çətin olur”.

Cəmilə ƏZİM