Mübarək aylar başlayır

Bu aylar mənəvi iqlimiylə ruhumuzu oxşayıb, könlümüzü fərəhləndirəcək

   Müsəlman aləmində məxsusi yeri olan mübarək aylardan biri Rəcəb fevralın 3-dən etibarən başlayır. Rəcəb və sonrakı Şaban ayı Ramazan ayına hazırlıq müddəti hesab edilir. Rəcəb və Şaban ayları həm də Uca Rəbbimizin məhz bu aylar içində bizlərə ehsan etdiyi qəndil gecələri ilə məşhurdur. Rəcəb ayının ilk cüməsi – cümə axşamını cüməyə bağlayan gecə “Rəqaib qəndili” – Allahdan bağışlanma diləmək üçün münasib sayılan gecələrdəndir. Rəcəb ayında həmçinin əziz islam peyğəmbəri Məhəmməd əleyhissalamın Merac gecəsi də vardır. 

Həmin gecə də “Merac qəndili” kimi məşhurdur. Şaban ayında isə Rəbbin bəndələrinə bağışladığı, əfv diləyənləri əfv  etdiyi mübarək “Bəraət qəndili” “gizlənir”. Əziz islam peyğəmbəri ümmətinə bu aylardan mümkün olduqca çox bəhrələnmək və mübarək Ramazan ayına hazırlıq görməyi tövsiyə edib. 

Artıq mübarək 3 aylar başlayır. Hicri-qəməri təqvimiylə Rəcəb ayı miladi təqvimlə fevralın 3-dən etibarən başlayır. İlk qəndil gecəsi də fevralın 3-dən 4-nə keçən gecədir. Təsdiqlənmiş hədislərdə islam peyğəmbəri Məhəmməd əleyhissalamın belə buyurduğu bildirilir: Rəcəb Allahın, Şaban mənim, Ramazan ümmətimin ayıdır”. 

 Həmçinin Allahın Rəsulu belə dua edərmiş:

 “Allahım, Rəcəb və Şabanı bizə mübarək qıl, bizi Ramazana yetir”. 3 aylar göylərin nura qərq olduğu, yer üzünün Allahın ehsan etdiyi nemətlərlə dolub-daşdığı aylardır. Bu aylar mənəvi iqlimiylə ruhumuzu oxşayıb, könlümüzü fərəhləndirəcək. Mübarək aylar xeyirlərə vəsilə olsun.