"Türk bayrağına hörmətsizlik edən şəxs alət rolunu oynayır"

Azər Həsrət: "Azərbaycan cəmiyyəti dost ölkəyə, onun bayrağına sayğısızlıq edən heç kimi heç vaxt bağışlamayıb, bağışlamayacaq"

Bakıda Türkiyə bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin şəxs polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib. İlkin izahatında F.İsmayılov əməlini etiraf edib. Araşdırmalar davam etdirilir. 
Xatırladaq ki, şəxs Qara Qarayev metrostansiyası yaxınlığında əlindəki bıçaqla yol kənarındakı Türkiyə bayrağının ipini kəsib. Dövlət rəmzini yerə salıb. 

Qeyd edək ki, Fuad İsmayılov son parlament seçkisi zamanı Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara yazı yazmasına görə də saxlanılıb. 

Yolverilməz davranış barədə "Şərq"ə danışan tanınmış jurnalist, siyasi şərhçi Azər Həsrət bildirib ki, istənilən dövlətin atributlarına sayğılı yanaşmaq lazımdır:

"Bu, bir qədər əxlaq və tərbiyə məsələsidir. Üstəlik də Azərbaycan vətəndaşı olaraq qardaş Türkiyənin bayrağına xüsusi hörmət edilməlidir. Çünki Türkiyə əksər azərbaycanlılar üçün öz vətənləri qədər sevdikləri bir dövlətdir. Qardaş ölkənin bayrağına çirkin şəkildə hücum edən şəxs elə Azərbaycanın dövlət rəmzinə də sayğısızlıq edib. Həmçinin ölkə vətəndaşlarının, xalqımızın iradəsinə də böyük qüsurdur. Türkiyənin bizim üçün nədən bu qədər dəyərli olduğu barədə danışmağa gərək yoxdur. Görünən dağa bələdçi lazım deyil, deyirlər. Dövlətin bayrağına elə rəftar əlbəttə ki, qəbuledilməzdir. Həmin şəxsə qarşı qanunun yol verdiyi ən sərt cəza tədbirləri görülməlidir".

A.Həsrətin fikirlərinə görə, o, təsadüfi bir davranış deyildi: 

"Ölkəmizdə təəssüf ki, Azərbaycan və Türkiyənin getdikcə daha da yaxınlaşmasından ciddi narahat olan qüvvələr fəallaşıblar. Onlar Rusiyaya, İrana, qərbin müxtəlif "sorosçular", amerikançılar kimi zərərli mərkəzlərinə bağlıdırlar. Hər biri əl-ələ verib, Azərbaycan Respublikası daxilində antitürkiyə təbliğatı aparmaqla məşğuldurlar. Bayrağa göstərilən ehtiramsız cəhd də o qəbildəndir. Məsələyə biganə yanaşmaq olmaz. Arxasında duran qüvvələr, kökündə duran proseslər araşdırılmalı, gün üzünə çıxarılmalıdır. Ümumiyyətlə, cəmiyyətimizin bu hadisəyə verdiyi reaksiya da elə insanlara dərs olmalıdır. Demək olar ki, hər kəs ayağa qalxıb, onu qınadı, sərt cəza tədbirləri tələb etdi. Dövlət də üzərinə düşən vəzifəni yerinə yetirdi".

Junalist dövlətə qarşı təbliğatla məşğul olanların bu cür davranışlarının bir növ nəbz yoxlaması olduğunu vurğulayıb:

"Onlar bununla ictimai rəyi öyrənmək istəyirlər ki, Türkiyəyə qarşı nələr etsək, insan toplusu buna dözümlü, təmkinli yanaşa bilər. Bildiyimiz kimi, öndərimiz, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 31 yanvar doğum günü idi. Həmçinin  diqqətimi çəkən odur ki, bunun fonunda  görkəmli xadimlə də bağlı birbaşa və ya dolayısı ilə gözdənsalma kampaniyası aparılır. Bu cür hadisələr türk kimliyinə düşmən kəsilmiş qeyd etdiyimiz qüvvələrin əməlləridir. Bayrağa hörmətsizlik edən şəxs də alət rolunu oynayır. 

Təbii ki, ona lazımi reaksiya verilir. Azərbaycan cəmiyyəti dost ölkəyə, onun bayrağına sayğısızlıq edən heç kimi heç vaxt bağışlamayıb, bağışlamayacaq".