Şəhərdə 10 mərtəbəli parkinq binaları tikilməlidir


Şərait yaratmayıb, insanları cərimələməklə problem həll olunmayacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakı şəhərinin ümumi parklanma baş planı hazırlanıb.
Bunu agentliyinin İdarə Heyetinin sədri Vüsal Kərimli deyib.
O qeyd edib ki, həmin plana əsasən əhalinin yerləşdiyi yerlərə uyğun şəkildə qiymət tarifi müəyyənləşdirilib.
“Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir”, - deyə o bildirib.
BNA-nın hazırladığı baş plan layihəsi ilə bağlı “Şərq”ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, Bakıda parklanma problemi xeyli dərindir və artıq digər şəhərlərdə də ciddi problemə çevrilib.  
“Bakı Nəqliyyat Agentliyi 2018-ci ildə Nazirlər Kabinetinə müvafiq plan hazırlayaraq göndərib. Ancaq Nazirlər Kabineti 4 il müddətində bu sənədi qəbul etməyib. Burada göstərilənlər çox sadə və uzun müzakirələrə ehtiyac olmayan məsələlər olsa da açıq saxlanılır və qəti qərar qəbul olunmur. Əgər 4 ildə bir parklanma tarifini müəyyənləşdirə bilmirsə, o Nazirlər Kabineti nəyə lazımdır?

4 ildə yeganə reaksiya qeyri-qanuni parklanma məsələsinə olub. Bəs, bu vətəndaşlar avtomobillərini harada saxlasın? Şəhərimizdə yetərincə geniş parklanma binaları, iri prospektlər yoxdur. Bəzi enli yollarda da parklanmanı qadağan edən işarələr qoyulub".

Ekspert bildirib ki, bu kimi problemlər həll olunmadığı təqdirdə vətəndaşların cərimələnməsi onların haqlarının tapdalanması olacaq.

“Vətəndaşlar daim cərimələnirlər. Cəza tətbiq olunmadan öncə şərait yaradılmalıdır. Əgər sən bu xidməti ona alternativ olaraq təklif etmədən onu düşdüyü duruma görə cərimələyirsənsə, bu insan haqlarının kobud şəkildə pozulmasıdır. 
İnsanlar maşınlarını saxlamağa yer tapmırlar. Bu sadəcə süni şəkildə vətəndaşın üzərində basqı yaratmağa və büdcəni doldurmağa xidmət edir. Davamlı cərimələməklə intizama nail olmayacağıq. Bakı şəhərinin nəqliyyat yükü həddindən artıq ağırdır. Geniş prospektlərə yer ayırmaq lazımdır ki, parklama yerləri artsın. Sən oradan nə vaxt pul qazanmağa başlayacaqsan, bu ayrı məsələdir. 

Bu planın faydalı olacağını düşünmürəm. Çünki baş plan əvvəl də təklif olunub. Ancaq bu barədə heç bir qərar verilməyib. Deməli, burada yalançı süründürməçilikdən söhbət gedir. Hamı günahı bir-birinin üstünə atır. 

Real həll üçün dayanma-durmanı qadağan edən işarələrin sayı azaldılmalıdır, insanlara şərait yaradılmalıdır ki, enli prospektlərdə maşınları düzgün park etsinlər. Parkamatlar quraşdırılmalıdır və hər kəs pulunu buraya ödəməlidir ki, birbaşa dövlətin büdcəsinə getsin. Eyni zamanda yeni tikilən binaların bir neçə mərtəbəsinin parklanma yeri kimi istifadəyə verilməsi üçün tapşırıq verilməli, şəhərsalmada müəyyən bölgələrdə 8-10 mərtəbəli parkinq binaları tikilməlidir. Avropa təcrübəsində bu var. Orada yol kənarlarında ümumiyyətlə avtomobillər görmək mümkün deyil. Hər kəs bu tip binalarda kart vasitəsilə ödənişini edərək maşınlarını saxlayır. Bunları etsələr gələcəkdə vəziyyət dəyişə bilər”. 

Sənan İsmayıl