Sabiq mətbuat katibinin oğlu HƏBSDƏN BURAXILDI

Bakı Şəhər Baş Polis İdarəsinin sabiq mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimov həbsdən çıxıb.
Bu barədə Lent.az-a Qalib Arif özü məlumat verib.
O qeyd edib ki, oğlu bu gün məhkəmə qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb: “Dostlar, hamının gedənləri qayıtsın! Bizim də oğlumuzun 4 illik məhbəs həyatından, ayrılıqdan, əzab-əziyyətdən sonra qapısı açıldı, salamat evimizə qayıtdı. Bizə dəstək olan dostlara, kömək olan qohumlara təşəkkür edirəm. Bir olan Allaha şükr, böyüklüyünə zikr edirəm. Bu dünyada haqq-ədalət, insanlarda insaf-mürvət varmış... Bu haqq-ədalətdən bizə, bizim ailəmizə də pay düşdü...”. 

Qeyd edək ki, 2017-ci il sentyabrın 7-də, saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Məhkəmədə Q.Arif iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb. Məhkəmənin hökmü ilə o 6 il müddətinə azadlıqdan məhrum edilib.