“Əmlak Məsələləri üzrə Dövlət Xidməti bələdiyyələrin fəaliyyətinə problem yaradır”

“Qəbristanlıqların bələdiyyələrə verilməsinin tam yekunlaşdırılmamasının günahı və əsas səbəbi həmin orqandadır”

Dünən Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. Palamentin sədri  Sahibə Qaforova yaz sessiyasını açıq elan etdikdən sonra   Dövlət Himni səsləndirilib. Deputatların cari mövzularla bağlı çıxışlarından sonra gündəlikdəki  12 qanun layihəsinin müzakirələri başlanılıb. İclas zamanı maraqlı fikirlər səsləndirilib. 

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qəbiristanlıqların bələdiyyələrə verilməsini təklif edib: “Qəbiristanlıqlar bələdiyyələrə verilsin. Nazirlər Kabineti nümunəvi qəbiristanlıqların 3 aya bələdiyyələrə verilməsi barədə qərar qəbul etmişdi, bu günə qədər bu qərar icra olunmur. Bu qərarın icrası təmin olunmalıdır”.

Məsələ ilə bağlı “Sherg.az” a danışan  Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli proseslərə artıq start verildiyini bildirib:

“Qəbiristanlıqlarla bağlı bütün prosedur qaydaları Nazirlik Kabinetin qərarı ilə 2018-ci ildən bələdiyyərə verilib. Sadəcə onların sənədləşdirilməsi, bələdiyyənin mülkiyyətinə verilməsi prosesində müəyyən ləngimələr, axsamalar və  neqativ hallar baş verib. Bunun da kökündə bələdiyyələrin fəaliyyətinə müəyyən mənada problem yaradan orqan var. 

Bu orqan Əmlak Məsələləri üzrə Dövlət Xidmətidir. Qəbristanlıqlarla bağlı olan məsələlərin tam yekunlaşdırılmamasının günahı və əsas səbəbi həmin orqandadır. 

Burada presedur məsələləri, süründürməçilik, müəyyən sənədlərin tələb edilməsi var  ki, məsələnin həllini uzadır. Nəticədə də bələdiyyələrin bir çoxunda qəbiristanlıqların təhvil- təslim prosesində ləngimələr var. 

Amma ümumilikdə prosesə start verilib. Müəyyən rayonlarda, o cümlədən paytaxt Bakının bəzi ərazilərində proses başa çatıb. Bu istiqamətdə müəyyən addımlar atılıb. Nəzərinizə çatdırım ki, bir çox bələdiyyə var ki, müəyyən dəfn xidmətləri, mərasim xidmətlərini artıq  həyata keçiriblər”.

Çimnaz Şahlar