NONSENS:“Bəzi din xadimlərimiz xarici dövlətlərin əlaltılarına çevriliblər”

“Azərbaycandakı bəzi din xadimləri korrupsiyaya bulaşıblar”

“Din xadimlərinin seçiminə edilən dəyişiklik dövlətimizi qara qüvvələrdən təmizləyəcək”


İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq. Bu, Milli Məclisin fevralın 1-də keçirilən iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xatırladırıq ki, qüvvədə olan qanuna görə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur.

Qanuna edilən dəyişikliyin gətirəcəyi yeniliklərlə bağlı "Sherg.az"a danışan şərqşünas Seyid Camal Əzizbəyli bildirib ki, qanun nəticəsində bəzi din xadimlərinin özbaşınalığına son qoyulacaq:

“Azərbaycanda vahid din konsepsiyasının yaradılması zəruridir. Çünki Azərbaycanın din mühitində mövcud boşluqların olması İslamın təməl prinsiplərinə zərrə qədər aidiyyəti olmayan insanların dini işlərdə olmasından qaynaqlanır. İanələrin bank vasitəsilə həyata keçirilməsi, imamların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunması kimi islahatlar öz bəhrəsini verəcək.

Dini komitə yarandığı gündən dövlət və din münasibətlərinin güclənməsinə xidmət edib. Son illər bu qurumun apardığı islahatlar İslam inanclı hər kəs tərəfindən təqdir olunur. Din xadimliyinə namizədlərin kimliyi, dövlətçiliyə bağlılığı, mənəvi keyfiyyətləri, hansısa kənar dövlətdən asılı olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təyin edəcəyi din xadimləri milli təhlükəsizliyimiz üçün vacibdir. Prezidentimiz İlham Əliyevin qərarı ilə 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. 

Orada din-dövlət münasibətlərinin inkişafı, mühafizəsi üçün çarpışan, elmi və mənəvi yüksək potensiala malik ilahiyyatçılarımız yetişir. İnstitutun milli şüura, milli məfkurəyə malik ilahiyyatçıları var. Onların din xadimi vəzifələrinə təyin edilmələri daha düzgün olar.

Azərbaycanın dini mühitində təmizləmə əməliyyatının şahidi olacağıq. Artıq hansısa məmurun qohumu, yaxını istədiyi özbaşınalığı edə bilməyəcək. Bundan başqa Azərbaycandakı bəzi din xadimləri korrupsiyaya bulaşıblar. 

Xalqın dini hislərindən istifadə edərək Azərbaycanın yanında olmayan dövlətlərin əlaltılarına çevriliblər. Din xadimlərinin seçiminə edilən dəyişiklik dövlətimizi qara qüvvələrdən təmizləyəcək”.

Xanlar ƏLİBƏY