Cəza sanksiyaları işin bir hissəsidir


İnsanlar maarifləndirilməsə qaz zəhərlənmələrinin qarşısını almaq mümkün olmayacaq

Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün yeni cərimələr müəyyən edilir. Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimələr tətbiq ediləcək. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə açıqlamasında bildirib ki, dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün cərimə sanksiyaları işin bir hissəsidir: 

"Digər tərəfdən kompleks tədbirlər hazırlanmalıdır. Konsepsiyada ümumi qaz təchizatından təhlükəsiz istifadəyə dair bəndlər öz əksini tapmalıdır. Təkcə cərimələr deyil, dəm qazından zəhərlənmələr hansı halda baş verir kimi suallara cavab orada yer almalıdır. Bəzən insanlar standartlara cavab verməyən qaz sobalarından yararlanmağa çalışırlar, ona kənar müdaxilələr edilir, tüstü bacaları vaxtında təmizlənmir. Bu kimi məsələlər ümumi konsepsiyada göstərilməlidir. İstehlakçılar bilməlidir ki, qayda pozuntuları ilk növbədə onların öz həyat və sağlamlığı üçün təhlükəlidir.

 Təbii ki, qaydalara riayət edilmədikdə cərimə tətbiqi normaldır. Amma ona qədər də mütləq qaydada digər məsələlər də öz həllini tapmalıdır. Məsələn, istehlakçının evindəki qaz sobası standartlara cavab vermirsə, tüstü bacasını illərlə təmizləmirsə, cərimə olsa belə, yenə də dəm qazından zəhərlənmənin qarşısını almaq olmayacaq. 

Cərimə cəza metodudur. Amma bunlar paralel aparılmalıdır. Yeni konsepsiyada dəm qazına dair dedektorların qorunması, onlara aid  meyarların müəyyənləşməsi arzuolunandır. Bundan başqa, mərkəzləşmiş istilik sisteminin geniş bir formada tətbiqinin reallaşdırılması məqsədəuyğundur. 

Payız-qış aylarında havaların soyuması ilə əlaqədar istiliyə tələbat artır. Mərkəzi istilik sistemi xidmətləri nə qədər geniş kütləyə çatarsa, təbii ki, zəhərlənmələrin də baş verməsi minimuma enər".