Bakıda vahid şəbəkə yaradılmalıdır

Velosiped yolları bütün şəhəri əhatə etməlidir

Elə şərait qurulmalıdır ki, vətəndaşlar velosipeddən alternativ nəqliyyat növü kimi istifadə edə bilsinlər

Azərbaycan qanunvericiliyinə "velosiped zolağı" və "velosiped yolu" anlayışları əlavə edilir. Bu, "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihə Milli Məclisdə müzakirəyə çıxarılıb. Millət vəkilləri velosiped yolunun çəkilməsini müsbət qarşılayıblar. Hətta millət vəkili Razi Nurullayev “belə yol olsa, işə velosipedlə gedib-gələrəm” deyib. Qanuna dəyişiklikdə nələr nəzərdə tutulur?  Belə bir qeyd var: velosiped zolağı yolun hərəkət hissəsinin velosipedlərin hərəkəti üçün nəzərdə tutulmuş, uzununa nişanlanma xətti ilə ayrılmış hissəsidir. Vəssalam. Elə bu?!. 
 
Xatırladaq ki, ötən il Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində tədbirlər planı hazırlandığını bildirmişdi. Agentliyin məlumatında qeyd olunurdu ki, şəhərin mərkəzi küçə və prospektlərini, eləcə də Bulvar ərazisini əhatə edən 7,5 kilometr uzunluğunda velosiped yolunun inşasına başlanılıb (13 noyabr 2021-ci il). Hər iki istiqamətdə eni 1,5 metr olan yol mövcud norma və standartlara uyğun qurulur. Plana əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcəkdir ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq. Velosiped zolaqlarının və dayanacaqlarının yaradılması məsələsi "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda və Bakı şəhərinin Baş Planında da əksini tapıb. Velosiped nəqliyyatının sağlam həyatın formalaşdırılması, eləcə də şəhərin ekoloji mühitinə faydalılığını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq İctimai Birliyi - IDEA ilə bu istiqamətdə sıx əməkdaşlıq edir. Velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub.

 Birincisi, yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə. İkincisi isə digər ərazilərdə tikinti-quraşdırma işləri aparılmaqla. Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən 2 km velosiped yolu təşkil edilib artıq. 

Şəhərin Baş Planına əsasən 2027-ci ilə qədər Bakıda 63,5 kilometr uzunluğunda, 2040-cı ildə isə paytaxtda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır.

Ekspert rəyinə keçməzdən əvvəl velosiped yolu ilə bağlı 2 fotonu diqqət mərkəzinə aldıq. Fotolardan biri, yəqin ki, Bakı şəhərinə aiddir, çünki "velosiped zolağı" və "velosiped yolu" haqqında məlumatla birgə dərc olunub. Doğrusu, fotodakı küçənin şəhərin hansı istiqamətində olduğunu ayırd edə bilmədik. İkinci foto isə Tbilisi şəhərindəndir. Hər iki fotoda velosiped yolu əks olunub. “Bakıya” aid olan fotoda velosiped yolunun sonda piyadalara “lütf edilən” səkiyə dirəndiyi və piyadalarla eyni yolu paylaşdığı və paylaşacağı görünür. Çünki başqa yol yoxdur daha. Tbilisiyə aid olan fotoda isə velosiped yolunun yolun hərəkət hissəsinin bir qismini tutduğu və piyadalara mane olmadığı görünür. Velosiped yollarının hamısı belə çəkiləcəksə, görəcək günlərimiz var, demək. 

"İnsan yönümlü şəhərlər" layihəsinin təsisçisi, bloger-urbanist Anar Əliyev “Şərq”ə açıqlamasında velosiped yollarının təşkili qaydalarından danışdı:

- Dünyanın bir sıra şəhərlərində yol hərəkətinin təşkili “Vision Zero” konsepsiyası əsasında qurulur. Bu konsepsiyanın arxasında yol qəzaları qurbanlarının sıfıra endirilməsi prinsipi dayanır, eyni zamanda daha rahat, sağlam və təhlükəsiz yol hərəkətini özündə ehtiva edir. İctimai nəqliyyat, avtomobil yolları, piyadaların təhlükəsizliyi, o cümlədən velosiped yollarının da daha rahat və təhlükəsiz qurulması konsepsiyada əksini tapır. Konkret velosiped yolları ilə bağlı bu konsepsiyada yanaşma budur ki, əgər yolda sürət həddi 50 km/s-dan çox deyilsə və hərəkət zolaqlarının da sayı azdırsa, bu halda velosipedlər üçün nəzərdə tutulan ayrıca zolaq yolun hərəkət hissəsi ilə yanbayan təşkil oluna bilər. Avtomobillərlə velosipedlər eyni zamanda, yanaşı hərəkət edə biləcək. Təbii ki, hər biri özünə aid zolaqla. Yox əgər yolda sürət həddi 50-dən çoxdursa və hərəkət zolaqlarının da sayı çoxdursa, bu zaman velosipedlər üçün hərəkət zolağını yolun hərəkət hissəsindən fiziki maneə ilə ayrılan bir hissəsində və yaxud şərait imkan verirsə səkidə təşkil etmək lazımdır. Bu, təhlükəni minimuma endirəcək. Sürət həddi yüksək olan, bir neçə hərəkət zolaqlı magistral yollarda velosipedlərin avtomobillərlə yanaşı hərəkəti təhlükəlidir.

A.Əliyev məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə də müraciət etdiyini bildirib:

- Biz BNA-ya müraciət etmişdik ki, Xəqani və Nizami küçələrinin avtomobillər üçün nəzərdə tutulan hərəkət zolaqları həddindən artıq genişdir, parkinq isə xaotik şəkildə təşkil olunub. Səkilər də bir o qədər geniş deyil. Təklif etdik ki, həmin küçələrdə avtomobil hərəkəti ikitərəfli edilsin, velosiped və parkinq zolaqları yanbayan təşkil olunsun. Bizə bildirdilər ki, həmin küçədə velozolaqlar yolun hərəkət hissəsində təşkil olunacaq. Çox güman ki, şəhərin digər mərkəzi küçələrində də yanaşma belə olacaq.

Başqa bir problem küçədənkənar piyada keçidlərindədir. Məlumdur ki, paytaxtda yeraltı və yerüstü keçidlərin sayı kifayət qədər çoxdur. Bunlar da velosipedlərin hərəkətinə mane olacaq. Velosiped sürən bu cür keçidlərdə əziyyət çəkəcək, çünki gərək velosipedini qucağına alsın. İnkişaf etmiş digər şəhərlərdə belə keçidləri eynisəviyyəli "zebra" keçidləri ilə əvəz edirlər və velosipedlərin maneəsiz hərəkəti üçün də xüsusi velokeçidlər təşkil olunur. 

A.Əliyev Bakıda salınacaq velosiped yollarının uzunluğu məsələsinə də toxundu: 

- Avropada, o cümlədən Türkiyədə velosiped yollarının uzunluğu min kilometrlərlə ölçülür. Bakıda hələ də 7,5 kilometrlik velosiped yolunun təşkilinə yeni başlanılıb. Elan edilib ki, 2027-ci ilə qədər Bakıda 63,5 kilometr uzunluğunda, 2040-cı ildə isə paytaxtda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır. Bu templər bir o qədər də ürəkaçan deyil. Müqayisə üçün Ukraynanın paytaxtı Kiyev şəhərində 2021-ci ildə 80 km velosiped yolları çəkilib, 2022-ci ildə isə daha 100 km təşkil edilməsi planlaşdırılır.

Velosiped yolları bütün şəhəri əhatə etməli, vahid şəbəkə yaratmalıdır ki, vətəndaşlar onlardan bir nəqliyyat vasitəsi kimi istifadə edə bilsin. Velosiped və elektroskuterlər kimi alternativ mobillik üsulları şəxsi nəqliyyat vasitələrinin istifadəsini də azaldacaq, bu da dolayısı ilə tıxacların azalmasına gətirib çıxaracaq.