Atatürkün abidəsinə sayğısızlıq

Kəndirlə yıxmaq istədilər, 2 nəfər saxlandı 
Türkiyənin Samsun şəhərində Atatürk adına parkda milli mücadilənin rəmzi sayılan heykələ qarşı sayğısızlıq edilib. Parkda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün at üstündə möhtəşəm abidəsinə kəndir ataraq yıxmaq istəyən 2 nəfər yaxalanıb. Səhər saatlarında parka gələnlər heykəl atın ayaq hissəsinə kəndir bağlandığını görüb. Bu barədə dərhal polisə məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları at heykəlinin ayağına bağlanmış kəndiri kəsərək sübut əşyası kimi müsadirə ediblər. Parkda quraşdırılmış təhlükəsizlik kameraları da incələnib. 

Kamera görüntülərindəki 2 nəfər qısa zamanda yaxalanıb. Samsun valiliyinin hadisə barədə yaydığı açıqlamada bildirilir ki, Qazi Mustafa Kamal Paşanın milli mücadilə yolunda ilk addımlarını atdığı Samsunda ucaldılmış abidəyə qarşı sayğısızlıq qəbuledilməzdir və bu mənfur hərəkətin kimlər tərəfindən və hansı məqsədlə edildiyi mütləq araşdırılacaq.  Atatürkçü Düşüncə Dərnəyinin Samsun şöbəsinin başqanı Işık Özkefeli hadisə yerinə gəlib və “çox üzgünüm. 

Bu abidə Samsun xalqının Atatürkə vəfa borcu və şəhərin qürurudur. 

Ona qarşı belə çirkin hərəkət cəzasız qalmamalıdır”, deyib. Hadisə barədə məlumat alan siyasi partiya və ictimai birliklərin üzvləri də parka axışıb. CHP Samsun başqanı Fatih Türkel “bu işin arxasında kimlər var, öyrənəcəyik. Bu, 2 nəfərin işi deyil. Burada bilərəkdən və qəsdən qurulmuş məkrli bir plan vardır”, söyləyib. Sonra ziyarətçilər abidə ətrafında əl-ələ tutub dairə əmələ gətiriblər. 

AKP, MHP, BBP təmsilçiləri də abidə önünə gələrək təəssüflərini ifadə ediblər. AKP Samsun başqanı Ersan Aksu hadisəni “açıq təxribat” adlandırıb.