“Qadının əri birinci növbədə onun dövlətidir”

“Dövlət uşaq pulu verməli və uşağı bağça ilə təmin etməlidir”

“Əgər axşam 6-dan sonra uşağı  qoyub gedirsə, o qadın artıq daha yaxşı, gəlirli işlə təmin olunmalı və  ona birmənalı şəkildə sosial yardım ayrılmalıdır”

“Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gəlib valideynə ağıl öyrədir”

“Dövlətin ona xəbərdarlıq etmək vəzifəsidir, amma bu nəticədir. Səbəblər araşdırılmalıdır”



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi anası tərəfindən evdə tək buraxılan azyaşlı uşaqla bağlı məlumat yayıb.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, məsələnin araşdırılması ilə əlaqədar dərhal qurumun Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru yuxarıda qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər.
Onun sözlərinə görə, 6 yaşlı uşağın anası A.Ə həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib: 

"Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur və uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırır. Komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu halın baş verdiyi təqdirdə valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildiriblər".

Komitə rəsmisi bildirib ki, ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın yaşadıqları Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olması ilə bağlı videogörüntü əksini tapıb.

Baş verən hadisə ilə bağlı tanınmış yazar, müstəqil jurnalist Aysel Əlizadə “Sherg.az”a danışıb. O bildirib ki, dövlət uşaq pulu verməli və uşağı bağça ilə təmin etməlidir:

“O ana uşağını bağçaya verə bilmir. Çox güman ki, ondan pul tələb edirlər. Dövlət bağçaları var. Həmin bağçalar uşağa saat 6-ya qədər pulsuz-parasız baxmalıdır. Dövlətin öz vətəndaşına sahib çıxma öhdəliyi var. Bütün normal ölkələrdə tək analara iki-üç qat imtiyazlar verilir, hər yerdə xidmət haqqı 10 dəfə az alınır. Həmin şəxslərə böyük güzəştlər olunur ki, tək qadın çarəsiz qalıb başqa bir yola əl atmasın və dövləti yanında hiss etsin. Mən bunu dəfələrlə demişəm, bu mənim tezisimdir:“Qadının əri birinci növbədə onun dövlətidir”. Qadın çarəsiz qala bilər, həyat yoldaşı zorakı biri ola və yaxud ölə bilər. Qadın bilməlidir ki, arxasında dövləti var”.

Yazıçı hesab edir ki, bu vəziyyətin  nəticəsi yox, səbəbləri araşdırılmalıdır:

“Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gəlib ona ağıl öyrədir. Dəfələrlə demişəm ki, biz valideynlərin üzərinə məsuliyyət qoymalıyıq. Çünki bu təkcə sənin övladın deyil, həm də dövlətin vətəndaşıdır. Bunu dəfələrlə demişəm. Bu mövzunu ilk dəfə mən işləmişəm. Heç kəs bu barədə danışmayıb. Dövlət Komitəsi xəbardalıq edib. Təbii ki, ananın məsuliyyəti var, 6 yaşlı uşağı tək qoya bilməz. Ona analıq məsuliyyəti izah olunmalıdır. Dövlət nəzarətə götürməlidir. Bu prosedur qaydasıdır. Amma bu nəticədir. Nəticə ilə döyüşmək heç vaxt effekt vermir.

Səbəb nədir? Niyə ana uşağı tək qoyub gedib və niyə bağçaya verməyib? Bağçalar var axı.. Mənim qızım dövlət bağçasına gedib. Kifayət qədər də razı qalmışam. Yaxşı bağçalar var. Bəlkə, ondan rüşvət istəyiblər, bəlkə, deyiblər yerimiz doludur götürməyiblər. Mənəvi və maddi kriteriyalara görə, azyaşlı uşağın yeri bağçadır. Çünki bağça uşağı yetişdirir, sosiallaşdırır, tərbiyə edir və disiplinə salır.  Evdə qalmaq imkanı varsa belə, o uşaq bağçaya getməlidir”.

A.Əlizadə qeyd edib ki, belə analara imtiyazlar verilməlidir:

“Əgər axşam 6-dan sonra uşağı  qoyub gedirsə, o qadın artıq daha yaxşı, gəlirli işlə təmin olunmalı və  ona birmənalı şəkildə sosial yardım ayrılmalıdır.

Gedib barmaq silkələməklə biz heç kimi xilas edə bilmirik. Bəli, silkələməliyik. Amma səbəbəri də araşdırmalıyıq. Hər bir valideyn dövlət qarşısında uşağına və valideynliyinə görə məsuliyyət daşımalıdır. Çünki uşaq ilk növbədə dövlətin vətəndaşıdır, sonra isə valideynin övladıdır. Uşaq doğulanda vətəndaşlıq haqqı alır. Birinci vətəndaş olaraq qeyd edilir. Sonra isə ata – ana tərəfindən ad verilir. Bir ölkənin vətəndaşı olmaq bu qədər ciddi məsələdir. İnsanlar gedib başqa uyğun ölkədə uşağını dünyaya gətirir ki, uşaqları həmin ölkənin vətəndaşı olsun. Özləri olmasa belə, dövləti ona hər zaman sahib çıxsın. Ona görə dövlətin ona xəbərdarlıq etmək vəzifəsidir, amma bu nəticədir. Səbəblər araşdırılmalıdır. Tək bu ana deyil. O qədər elə ana tək ana var ki...Övlad böyüdən tək analara birmənalı şəkildə iki qat imtiyaz və dəstək verilməlidir”.

 Çimnaz Şahlar