“Azərbaycanda rəqəmsal idarəetmə inkişaf etməlidir”

Külli miqdarda rüşvət ittihamı ilə həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin (İH) sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 İH-nin Hüquq şöbəsinin müdiri Rahib Zahidov deyib ki, Vilyam Hacıyevin verdiyi tapşırıqları icra edib:“Torpaq, mənzil, tikintiyə icazə almaq, torpaq təyinatını dəyişdirmək istəyən adamları mühasibatlığa yönləndirmişəm
Mən tapşırıqları icra etmişəm. Sərəncam layihəsini, müqavilələri hazırlayırdım. Burada həm qanuni, həm qanunsuz əməllər olurdu. Elə adamlar vardı ki, pul alınıb mənzil verilirdi, bəziləri öz növbəsi ilə alırdı. Biz etiraz edə bilmirdik. Vilyam Hacıyev deyirdi ki, “rəhbər mənəm, nə deyirəmsə, edin. Evlər üçün pul otaqların sayına görə alınırdı. Məsələn, ikiotaqlı mənzil üçün 10 min, üçotaqlı üçün 18 min pul verilirdi. Məsələn, 200 hektarlıq sahənin təyinatını dəyişdirmək üçün 20 min manat verildiyi yadımdadır. Adamlar pulu mənim yanımda mühasibə verirdi. İşimizi itirməmək üçün Vilyam Hacıyev nə deyirdi edirdik”.

Daha sonra İH-in baş memarı Nazim Rəsulov dindirilib. O qeyd edib ki, rayonda təmir-tikinti işlərinə nəzarət edib:

“Mən sənədlərdəki uyğunsuzluqlarla bağlı irad bildirəndə Vilyam Hacıyev deyirdi ki, “mən başçıyam, nə deyirəmsə, elə”. Vilyam Hacıyev hər həftə sahibkarlardan pul yığırdı.

 Tikintisi aparılmayan şeylər üçün büdcədən pul ayrılırdı. İşimiz rüşvət üzərində qurulmuşdu. Vəzifədə qalmaq üçün məcbur rəhbərə xidmət edirdim. İşimi itirməkdən qorxurdum. Məsələn, vətəndaş müraciət edirdi ki, həyətyanı sahədə tikinti aparmaq istəyir. Mən də bu barədə başçıya məlumat verirdim. Başçı əraziyə uyğun olaraq məbləği deyirdi. Biz də vətəndaşa deyirdik”.

Məmur özbaşınalığı ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Milli QHT Forumunun sədri Rauf Zeyni bütün məmurların əməl etməli olduğu vəzifələri sadalayıb:

“Hamımız izlədik  və gördük ki, Gənclər günü ilə əlaqədar olaraq fevralın 2-də çıxış edən ölkə Prezidenti İlham Əliyev gənclərin simasında bütün ictimaiyyətin sualların cavablarına hərtərəfli cavab verdi. Ölkəmizin inkişaf perspektivlərini, islahatların aparılamasını, qalib ölkə kimi sivil bir cəmiyyətin qurulmasını,  bütün islahatların yalnız ölkəmizin inkişafına xidmət etməsi haqqında bütün məsələlərə toxundu. 

O cümlədən, ən effektiv idarəetmə mexanizmlərindən istifadə olunması ilə bağlı  sualları da cavablandırdı. Ölkə başçısı vurğuladı ki, kim özünə arxayın deyilsə, inanmırsa, nəfsini saxlaya bilmirsə, vəzifədən imtina edə bilər. Kim özünü doğrulda bilirsə, vəzifəni üzərinə götürsün. Prezident buna görə dedi ki, heç kim cəzadan kənarda qalmayacaq. Bu bütün Azərbyacan məmurlarına bir çağırış idi.

Mən də belə fikirləşirəm ki, bütün məmurlar dövlətin Ali Qanunvericiliyini, qanunların aliliyini, dövlətin azərbaycançılıq məfkurəsini və bu məfkurəyə xidmət etməyin şərəfli olmasını nəzərə almalıdırlar. 

Onlar yalnız şərəf və layaqətlə öz işlərini görməlidirlər. Hər hansısa bir məmur, xüsusilə vəzifəli şəxslərdən söhbət gedirsə, onlar dövlətçilik ənənələrinə, qanunun alilik prinsiplərinə, ölkə rəhbərinə hansısa formada xəyanət edərlərsə, təbii ki, birinci növbədə Allah onları cəzalandıracaq, ikinci isə qanun cəzalarını verəcək. 

Bunları dərk edib anlamaq lazımdır. Bundan irəli gələrək də hər bir şəxs öz işini namusla, şərəflə, ləyaqətlə davam etdirməlidir. Bu çox ciddi məsələdir. 

Ona görə fikirləşirəm ki, artıq heçnə deməyə ehtiyac yoxdur. Ölkə Prezidenti dəfələrlə bu məmurlara xəbərdarlıq edib ki,  siz xalqa və dövlətə xidmət etməlisiniz və bundan başqa heçnə düşünməməlisiniz. Bu xəbərdarlıqların hamısını ölkə başçısı etdiyinə görə biz sadəcə yenidən xatırladırıq”.

R.Zeynin onu da əlavə edib ki, ölkədə rəqəmsal idarəetmə inkişaf etməlidir:

“Bu məqsədlə Cənab Prezident həmişə çağırış edib ki, şəffaflıq artırılmalıdır və ictimai nəzərət gücləndirilməlidir. Çünki Azərbaycan lideri çox gözəl bilir ki, nə qədər dövlət nəzərəti güclü olsa da, ictimai nəzərət  çox vacib bir amildir. Biz də Cənab Prezidentin çağırışına dəstək olaraq, öz fəaliyyətimizi gücləndirməyə çalışırıq. Vətəndaş cəmiyyəti güclənməlidir, yüksəlməlidir. Eyni zamanda, rəqəmsal idarəetməyə keçid sürətlənməlidir. Yalnız proqresiv inkişaf  bizim bütün neqativ məsələlərimizə son verə bilər”.

Çimnaz Şahlar