Maşallah Əhmədov məhkəmədə


Azərbaycanın veteran futbolçusu Maşallah Əhmədov İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin məhkəmə prosesində şahid qismində iştirak edib.

Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçunun növbəti prosesdə ifadə verməsi nəzərdə tutulur. Proses fevralın 7-də gerçəkləşəcək.

Qeyd edək ki, Maşallah Əhmədov Binəqədi rayon polisinə edilmiş şikayət ərizələri əsasında 350 min manatı mənimsəmə iddiası ilə 2015-ci ilin dekabrın 14-də həbs olunub. Onun barəsində açılan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Lakin M.Əhmədovun vəkilinin apellyasiya şikayəti əsasında onun cəzası 2017-ci ilin iyulun 24-də səkkiz ildən iki ilə endirilib. Həmin ilin oktyabrın 7-də isə cəzasını başa vuraraq azadlığa çıxıb.

Veteran futbolçu daha əvvəl verdiyi müsahibədə Vilyam Hacıyevin ona 400 000 manat borclu olduğunu bildirib.