Baş verənlər ucuz şoudur


İnsanın efirə çıxıb cinayətini etiraf etməsi ağlabatan deyil

Necə olur ki, insan polis şöbəsində, müstəntiq qarşısında cinayətini etiraf etmir, amma efirə çıxır və olanları danışır?
Bu xanım efirə çıxıb “mən bunu etmişəm” deyə bilər. Amma onun hərəkəti sübutlarla təsdiqini tapmalıdır. Yəni xanımın etirafı hələ o demək deyil ki, ona cinayət işi açılacaq, yaxud həbs ediləcək

Bu hadisə istintaq oranlarına çox pis bir mesajdır; gör nə gündəsiniz, sizin bacarmadığınızı biz bacardıq. Belə verilişlər bağlansa yaxşıdır

   Telekanallarımız  məlumatlandırmaq və maarifləndirmək kimi birbaşa səlahiyyətləri xaricində hər peşəylə məşğuldur. Həkim, müəllim, tərbiyəçi, polis, prokuror, hakim... Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə, məhkəmə-hüquq sistemi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi... az qala bütün nazirliklərin görməli olduğu işi məhz telekanallar yerinə yetirir. Efirin şoulaşması dünən, bu gün baş verməyib. 

Uzun illərdir. Təəssüf və təəccüb doğuran adlarını çəkdiyimiz və uzunçuluq olmasın deyə çəkmədiyimiz rəsmi dövlət orqanlarının vəzifələrinin əldən getməsinə bu qədər sakit və “anlayışlı” yanaşmasıdır. Bəlkə sərf edir, kiminsə onların əvəzinə fəaliyyət göstərməsi. Məsələn, telekanallarda xəstələrə həkim tapılır. Daha çox özəl klinikaların həkimləri. Müalicəni üzərlərinə götürürlər. Niyə bir dəfə də dövlət xəstəxanası efirə çıxan “xəstələr”in müalicəsini üstlənmir? Yaxud, məişət problemi, ehtiyacı olan insanlara efir vasitəsilə maddi dayaq tapılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə kənarda dayanıb müşahidə edir. Bunlar azmış kimi efirlərimiz prokurorluq orqanlarına da meydan oxuyur. Müstəntiqlərin, istintaqçıların aça bilmədiyi, məğlubiyyətlərini etiraf edib  “bağladıqları” işlər efirdə faş olunur. Cinayətkar tapılır. Nə gözəl?..  Daha dövlətimiz bu qədər nazirliklərə, dövlət qurumlarına niyə büdcədən vəsait ayırmalı, əməkdaşlara əmək haqqı ödəməlidir?  Telekanallara vəsait ayrılsın, ya da ayrılan vəsaitin miqdarı artırılsın, bütün siyasi-sosial-iqtisadi-ailə-məişət-hüquqi problemlər telekanallarda həllini tapsın. Elə anlaşılmasın ki, medianın təsir gücünə kimsə şübhə edir. Əsla. Məsələ, həqiqi problemlərin həllindən getsəydi, telekanallar yüksək səslə alqışlanar. Nə yazıq ki, telekanallardakı realiti-şoular, sözün həqiqi mənasında yalnız şoudan ibarətdir, “realiti” adına heç nə yoxdur.  Həm də ucuz şou. İzləyicini bu dərəcədə “sarsaq” hesab etmək, utancvericidir. Sadəcə, telekanalların bəxti ona görə gətirir ki, Azərbaycan tamaşaçısında sadəlövhlük, səmimilik, şəfqət, mərhəmət hissi hələ qalıb. Və bir də, baxmağa alternativ tapmır, ona görə. Azərbaycan tamaşaçısı hələ sözəbaxandı – qarşısına nə qoyursan onu həzm-rabedən keçirir. Qardaş Türkiyə telekanalları da eynən bizimkilər kimidir; evlən-boşan, vur-yıx, həyat yoldaşın  yuxudadırsa başqasıyla qaç... Televiziya siyasətinin ucuz məişət tamaşaları üzərində bərqərar olduğunu görmək çox ağrılıdır. Təkcə məişət məsələləri olsaydı, yenə birtəhər “dözmək” olardı. Kiminsə məhz efirdə cinayətini – həm də istintaqı qapanmış, üzərindən 1 il yarım müddət keçdikdən sonra etiraf etməsi isə artıq şounun pik nöqtəsidir. Eyni zamanda  hüquq-mühafizə və prokurorluq  orqanlarını hörmətdən salmaqdır. İstintaqın, peşəkar müstəntiqlərin aça bilmədiyi cinayəti bir şou verilişi açır. Bu qədər də olmaz! 

Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” layihəsində gənc xanım efirə çıxır və etiraf edir ki, il yarım əvvəl qayınanasını itələyib, arvad yıxılıb ölüb. Bundan kimsənin xəbəri olmayıb. Elə biliblər arvad öz əcəliylə canını tapşırıb. Polis, müstəntiq də cinayətkarın evin içində olduğunu anlamayıb. İş beləcə bağlanıb, göndərilib arxivə. İndi isə xanım qayınanasının onun əliylə öldüyünü etiraf edir. 

Təqdimata baxın: qayınanasını qətlə yetirdiyini etiraf etdi! Qayınanasını öldürdüyünü dedi!.. Aparıcının göz yaşları, qucaqlaşmalar, filan... Xanım studiyanı əməkdaşlar, mühafizəçilər əhatəsində yavaş-yavaş tərk edir, nəhayət polis maşınına, həm də post-patrul xidməti avtomobilinə əyləşir, gözdən itir (nə əcəbsə biləyinə kələpçə vurulmadı – M.R.). Studiyada göz yaşları axmaqdadır. Şou davam edir... Bu kadrlara baxış sayı, bilmirəm neçəni keçib. Bilmək marağında da deyiləm. Çünki şou olduğu aşkardır. İzləyicilərin “marağının” səbəblərini isə yuxarıda qeyd etmişik.  Əsas məsələ prokurorluq orqanlarının bu səhnəyə sakit yanaşması, münasibətsiz qalmasıdır. Belə bir yüksək orqan reputasiyasının korlanmasına niyə laqeyd qalır?

Hüquqşünas Adəm Məmmədov  da “Şərq”ə açıqlamasında efirdə baş verənləri ucuz şou adlandırdı: - Xoşqədəm xanımı şəxsən tanıyıram. Əvvəllər verilişlərində ekspert qismində iştirak etmişəm.  Xoşqədən xanım peşəkardır. Bu, sözsüz belədir. Amma səmimi deyil. Proqrama da çox şou qatır. Bu da tamaşaçıda qıcıq doğurur. Özünü hakim kimi aparır. Hər cümləsinin başı-ayağı “mən”dir: 

Mən, mən... Bu, peşəkarlığına da kölgə salır. Xanımın etirafına gəlincə, uzun illərdir hüquq sahəsində fəaliyyət göstərən şəxs kimi deyirəm, insanın efirə çıxıb cinayətini etiraf etməsi ağlabatan deyil. Necə olur ki, insan polis şöbəsində, müstəntiq qarşısında cinayətini etiraf etmir, amma efirə çıxır və olanları danışır? Telelayihələrə az-çox bələdəm. Adətən aparıcılar iştirakçıya təsir göstərirlər, bir növ onu öz şoularının iştirakçısına çevirir və “bunu danışacaqsan, belə deyəcəksən” şəklində təlimat verirlər. Həmin proqramda da aparıcı xanıma təsir göstərərək deyib ki, bunları danış, qorxma, arxanda dayanmışam, sənə heç kim heç nə etməyəcək. Bildiyim qədər “cinayət etirafı edən” xanımın bəzi məişət problemləri var. Bəlkə də ona söz veriblər ki, problemini həll edəcəyik. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6 maddəsinə görə cinayət sübutlarla təsdiq olunmalıdır. Cinayət məcmu halda təsdiqini tapmalıdır. Bu xanım efirə çıxıb “mən bunu etmişəm” deyə bilər. Amma onun hərəkəti sübutlarla təsdiqini tapmalıdır. Yəni xanımın etirafı hələ o demək deyil ki, ona cinayət işi açılacaq, yaxud həbs ediləcək. Bu iş yenə də istintaq orqanlarının üzərinə düşür. 
A.Məmmədov efirdə cinayət etiraflarının, polis əməkdaşlarının studiyaya gəlib birbaşa efirdə kimisə nəzarət altına almasının hüquq-mühafizə orqanları barədə qeyri-ciddi təsəvvür yaratdığını dedi: - Bu hadisə istintaq oranlarına çox pis bir mesajdır; gör nə gündəsiniz, sizin bacarmadığınızı biz bacardıq. Belə verilişlər bağlansa yaxşıdır.