Tibb bacıları İranı kütləvi surətdə tərk edir


İran Tibb Bacıları Evinin baş katibi ötən bir il ərzində iki min tibb bacısının ölkəni tərk edərək digər dövlətlərə mühacirət etdiyini deyib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Məhəmməd Şərifi Müqəddəm tibb bacılarının maddi problemləri və onların sayında çatışmazlıq olduğunu vurğulayıb.

O, daha sonra bildirib:

“Dünyada koronavirus zamanı tibb bacısı çatışmazlığı problemi yeni tibb bacılarının cəlb edilməsi ilə həll edildi. Hətta iranlı tibb bacılarının da virus dövründə ölkədən getmələri sürətləndi. Digər ölkələrin daha əlverişli təkliflər etməsi səbəbi ilə ötən il İrandan 2 minə yaxın tibb bacısı gedib”.

“Dünya standardlarına görə, min nəfər insanın yaşadığı yerdə 5-6 tibb bacısı çalışmalıdır. Bu hal minimum vəziyyətlərdə 3 nəfər ola bilər. Hazırda İranda son araşdırmalar göstərir ki, hər min nəfərin yaşadığı ərazidə 1,6 tibb bacısı çalışır ki, bu da minimum göstəricidən daha aşağıdır. Beləliklə ölkədə tibb bacılarına ehtiyac var. Digər tərəfdən Dünya Səhiyyə Təşkilatı da bəyan edib ki, tibb bacılarının sayının minimumdan daha az olması ölüm saylarının çoxalmasına gətirib çıxarır”, - deyə Müqəddəm qeyd edib.